2024-cü il may ayının 24-də Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Həmin kəndlərin yüksək səviyyədə bərpa olunması və əhaliyə təhvil verilməsi gözlənilir. Artıq kəndlərin azad olunmasından 1 ildən çox vaxt keçib.
Sfera.az xəbər verir ki, modern.az "Bu dövr ərzində kəndlərdə hansı işlər görülüb, son durum nə yerdədir?" kimi suallara cavab tapmaq üçün Qazaxın deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla əlaqə saxlayıb.
O, açıqlamasında bildirib ki, Qazaxın kəndlərinin bərpası məsələsi ciddi nəzarət altındadır:
"Qürur duyuruq ki, 4 kəndimiz qaytarılıb. Dövlət tərəfindən həmin kəndlərin bərpa olunmasına xüsusi diqqət yetirilir. Həmin kəndlərin yüksək səviyyədə bərpa olunması, sakinlərin köçürülməsi istiqamətində bütün lazımi hazırlıq işləri aparılır. Rayon rəhbərliyi ilə bir yerdə hökumət bərpa layihəsinin üzərində ciddi işləyir. Bu istiqamətdə sakinlərlə görüş də var. Deputat kimi, o 4 kəndi qarış-qarış gəzmişəm. Orada ən ciddi, çətin problem ondan ibarətdir ki, hər bir qarış faktiki olaraq minalanıb və özündə böyük təhlükə ehtiva edir.
Bu prosesin də zərərsizləşdirilməsi istiqamətində işlər nəzarət altındadır. İşlər Böyük Qaydış planı çərçivəsində görülür. Sevindirici haldır ki, Azərbaycan Prezidenti artıq beynəlxalq səviyyədə də elə addmlar atdı ki, bu prosesin ən yüksək səviyyədə həyata keçməsi üçün zəmin yaranıb.
Vaşinqtonda paraflanmış sülh müqaviləsi, delimitasiya və demarkasiya proseslərinin sürətlənməsi, bu yaxınlarda yenə də Azərbaycan Baş nazirinin müavini ilə Ermənistan tərəfindən məsul şəxslərin görüşü... Əminik ki, bu proseslər öz məntiqi nəticəsinə çatacaq. Bu 4 kənddən olan sakinlər geri qayıdacaq, onlar heç də uzaqda yaşamırlar. Əksəriyyəti Qazaxın kəndlərindədir. Onlar üçün indi də şərait yaradılıb. Ancaq onların da, bizim də istəyimiz tezliklə öz dədə-baba torpaqlarına qayıtmalarıdır".
Komitə sədri vurğulayıb ki, hazırda minadan təmizlənmə, layihələndirmə işləri görülür:
"Bu, olduqca çətin prosesdir. Konkret layihələrin həyata keçirilməsi ciddi təhlil olunmalıdır. O kəndlərdə bir salamat ev qoymayıblar. Ona görə də kəndləri faktiki sıfırdan həyata qaytarmalıyıq. Bunun üçün də ciddi hazırlıq işləri görülməlidir".