Bu gölə tullantı su axıdanlar cərimələnəcək

Bu gölə tullantı su axıdanlar cərimələnəcək
Kateqoriya məlum deyil
T

Masazır gölünün ətrafında qeyri-qanuni məskunlaşan əhali tərəfindən tullantı sularının gölə axıdılması ilə bağlı problem davam edir. Rəsmi məlumata görə, həmin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatının mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Buna baxmayaraq, çirkab sularının birbaşa gölə axıdılmasının qarşısını almaq üçün göl ətrafında iki nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə sular Novxanı kollektoruna, ordan isə Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına ötürülür. Lakin gölə axıdılan çirkabın bir qismi Masazır gölündən hündürdə yerləşən digər təbii göldən gəlir. Sözügedən gölün ətrafında da qanunsuz məskunlaşma halları var və sakinlərin tullantı sularını birbaşa gölə axıtmaları nəticəsində suyun səviyyəsi qalxaraq Masazır gölünə tökülür. 


Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə tullantı suların idarə olunması mütləq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir: 


“Qanunvericiliyə əsasən, belə ərazilərdə tullantı suları xüsusi sukeçirməz quyularda yığılmalı və həmin quyular yarım ildən bir az olmayaraq təmizlənməlidir. Qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 600–1000 manat məbləğində cərimələnəcəklər. Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti mütəmadi reydlər keçirir və qanun pozuntularına qarşı tədbirlər görür”. 


Agentlikdən qeyd edilib ki, hazırda kanalizasiya sistemi mövcud olmayan ərazilərdə tullantı sularının idarə olunması üçün layihələr hazırlanıb və onların icrası mərhələli şəkildə həyata keçirilir. 


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən verilən açıqlamada əlavə olunub ki, tullantı sularının ətraf mühitə, xüsusilə də göllərə birbaşa axıdılmasına yol verilməyəcək.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR