Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə 16 yaşlı gəncin iki polisi öldürməsi hadisəsini şərh edərkən bildirib ki, uşaqları kriminal həyata yönləndirən əsas səbəblərdən biri də serial, kino, oyun və sosial şəbəkələrdə mövcud olan görüntülərdir. Ərdoğanın bu açıqlaması həm Türkiyədə, həm də region ölkələrdə, o cümlədən Azərbaycanda geniş müzakirə doğurub. Çünki oxşar problemlər və təhlükələr Azərbaycan cəmiyyətində də az müşahidə olunnmur.
Məsələ ilə bağlı psixoloq Elgül Ağarzayeva Sfera.az-a açıqlamasında deyib ki, bu cür məzmun uşaqların düşüncə və davranış modellərinə birbaşa təsir göstərir:
“Uşaqlar və yeniyetmələr, xüsusilə də 12-18 yaş dövründə şəxsiyyətin formalaşmasının ən həssas mərhələsindədirlər. Onların idrak səviyyəsi və analiz etmə bacarığı hələ tam inkişaf etmədiyi üçün izlədikləri şiddət dolu və yaşlarına uyğun olmayan məzmunlar şüuraltısına həkk olunur. Hər hansı stress vəziyyətində isə həmin səhnələri təkrarlama ehtimalları artır”.
Psixoloqun sözlərinə görə, əsas risk mənbələrindən biri kompüter və telefon oyunlarıdır:
“Son illərdə uşaqların ekran qarşısında çox vaxt keçirməsi onların şəxsiyyətinə ciddi təsir edir. Bu səbəbdən valideynlər 3 yaşına qədər uşaqları ekrandan tamamilə uzaq saxlamalıdır. 3 yaşdan sonra isə yalnız yaşına uyğun və maarifləndirici məzmun izləməyə icazə verilməlidir. Uşaqları idmana, incəsənətə, könüllü fəaliyyətlərə yönləndirmək lazımdır ki, ekrana ayıracaqları vaxt minimum olsun. Bu halda onlar sağlam şəxsiyyət kimi formalaşa bilərlər”.
Mütəxəssis hesab edir ki, Azərbaycanda da oxşar hallar az deyil və bu səbəbdən valideynlərin maarifləndirilməsi xüsusi önəm daşıyır.
Bəsti Rəfizadə
Sfera.az