Gənclər arasında avtoqəzalar artır – Psixoloq səbəbləri açıqladı

Gənclər arasında avtoqəzalar artır &ndash; <span style="color:#ff0000">Psixoloq səbəbləri açıqladı</span>
Kateqoriya məlum deyil05.09.25, 08:13174 👁️
T

Son zamanlar ölkədə yeniyetmə və gənclərin iştirakı ilə baş verən avtoqəzalar artmaqdadır. Hadisələrin əksəriyyətində yüksək sürət faktoru önə çıxır. Mütəxəssislər bu meylin arxasında psixoloji, fizioloji və bioloji səbəblərin dayandığını bildirirlər.

 

Mövzu ilə bağlı psixoloq Ülkər Məhərrəmova Sfera.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, gənclərin yüksək sürətə marağı əsasən adrenalin axtarışı, özünü təsdiq etmə ehtiyacı və sosial mühitin təsiri ilə əlaqədardır:

 
“Avtoqəzaların səbəbi təkcə qaydalara əməl olunmaması deyil, həm də psixoloji, fizioloji və bioloji amillərlə bağlıdır. Gənclərin çoxu adrenalini təhlükəli yollarda axtarır. Halbuki valideynlər bu enerjini daha sağlam istiqamətlərə yönləndirə bilərlər. Məsələn, idman, üzgüçülük, velosiped sürmək kimi məşğuliyyətlər həm gənclərin maraqlarını qarşılayır, həm də təhlükəsizlik baxımından risk yaratmır”.


Mütəxəssisin sözlərinə görə, gənclərdə “özünü sübut etmək”, “kiməsə göstərmək” kimi motivlər də sürət həvəsini artırır:

 

 

"Bu xüsusilə dost çevrəsinin təsiri ilə daha da güclənir. Əgər dostu motosikletlə, maşınla müəyyən riskli hərəkət edirsə, digər gənc də bunu təkrarlamaqla özünü təsdiq etmək istəyir. Bu, çox vaxt daxili boşluqdan, sevilmədiyini, dəyər görmədiyini düşünməkdən qaynaqlanır. Belə hallarda gənc təhlükəli anlarda adrenalin yaşamaqla dopamin ifraz etməyə çalışır”.


Ü.Məhərrəmova hesab edir ki, qadağalar və sərt yanaşma problemi həll etmir:

 

"Əksinə, bu hallarda gənclər gizli şəkildə daha riskli addımlar ata bilərlər. Valideynlər uşaqlarına yalnız qadağa qoymaqla kifayətlənməməlidirlər. Onlarla dialoq qurmaq, sürətin təhlükəsini izah etmək, övladına onun dəyərli olduğunu hiss etdirmək vacibdir. Əgər övlad maşın sürməyə maraq göstərirsə, valideyn də yanında olmalı, bu bacarığı təhlükəsiz şəraitdə nümayiş etdirməsinə imkan yaratmalıdır. Beləliklə, o adrenalini gizli və təhlükəli yollarda deyil, valideyn nəzarətində yaşayar. Gənclərin maarifləndirilməsi, diqqət və qayğı ilə əhatə olunması, onların sağlam məşğuliyyətlərə yönləndirilməsi qəza riskini azalda bilər". 


Psixoloqun fikrincə, avtoqəzaların qarşısını almağın əsas yolu gəncləri cəzalandırmaq və qadağalar qoymaq deyil, onların psixoloji ehtiyaclarını anlamaq və təhlükəsiz alternativlər təqdim etməkdir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...