Şəhər gəncləri gec, region gəncləri tez evlənir - RƏQƏMLƏR

Azərbaycanda evlilik yaşı son illərdə yüksələn və sabitləşən tendensiya göstərir. Dövlət Statistika Komitəsi və beynəlxalq mənbələrin məlumatlarına əsasən, kişilər qadınlardan təxminən 4–5 il daha gec nikaha daxil olurlar. 2020–2023-cü illərin göstəricilərinə görə, ilk nikahda kişilərin orta yaşı 28,4–28,7, qadınların isə 24,1–24,3 arasında dəyişib. Bu fərq illər üzrə dəyişməsə də, kişilərin evlənmə yaşının qadınlarla müqayisədə ardıcıl olaraq yüksək qalması diqqəti çəkir.
Sfera.az xəbər verir ki, 2024-cü ilin yekunları da oxşar mənzərə ortaya qoyub.
Belə ki, bütün nikahlar üzrə orta yaş kişilərdə 30,2, qadınlarda isə 25,1 olaraq qeydə alınıb. Beləliklə, cinslər arasında nikaha daxilolma yaşında 5,1 illik fərq formalaşıb. Bu göstərici kişilərin qadınlarla müqayisədə təxminən 1,20 dəfə daha gec evləndiyini göstərir.
2025-ci ilin əvvəlindən qüvvəyə minən dəyişikliklər erkən nikahların qarşısının alınmasına yönəlib. Artıq əvvəlki illərdə mövcud olan istisna, yəni üzrlü hallarda nikah yaşının 1 il aşağı salınması imkanı ləğv olunub. Bu addım 17 yaşında rəsmi nikah hallarını xeyli azaldıb. Əgər 2023-cü ildə ölkədə 249 nəfər 17 yaşında nikaha daxil olubsa, 2024-cü ildə bu rəqəm 185 nəfərə enib. Bu azalma göstəricisi qanunvericilikdəki dəyişikliklərin və maarifləndirmə işlərinin müəyyən nəticə verdiyini təsdiqləyir.
Rəsmi statistikaya görə, 2024-cü ildə ölkədə 68 minə yaxın nikah bağlanıb, 27 mindən çox boşanma qeydə alınıb. Cari ilin birinci yarısında 24 815 nikah və 10 350 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.4-dən 4.9-a qədər artıb, boşanmaların sayı isə 2.1-dən 2-ə düşüb. Bu, nikahların sayında artım dinamikasının davam etdiyini, boşanma göstəricilərinin isə sabit qaldığını göstərir.
Nikah yaşının artması bir tərəfdən təhsil müddətinin uzanması, gənclərin karyeraya üstünlük verməsi, digər tərəfdən isə sosial-iqtisadi faktorlarla bağlıdır. Belə ki, şəhər mühitində gənclər daha gec evlənməyi seçir, regionlarda isə erkən nikah riski hələ də tamamilə aradan qalxmayıb.
Ümumilikdə, son beş ilin statistikasına əsasən, Azərbaycanda nikah yaşı sabit artım tendensiyası ilə davam edir. Erkən nikahların azalması isə ölkədə ailə institutunun daha sağlam əsaslarla formalaşmasına xidmət edən mühüm sosial dəyişiklik kimi dəyərləndirilir.
Firuzə Əliyeva
Sfera.az






