Metroda ev heyvanı daşımaq olmaz? - RƏSMİ CAVAB

Son dövrlər ictimai nəqliyyatdan istifadənin artması ilə ev heyvanlarının metroda daşınıb-daşınmaması ilə bağlı müzakirələr daha da intensivləşib. Bir çox sakin metroda pişik, it və ya quş kimi ev heyvanlarının göründüyündə bu davranışa qarşı sərt reaksiya verirlər. Digərləri isə belə bir qaydanın ümumiyyətlə mövcud olub-olmadığını bilmir.
Məsələ ilə bağlı Sfera.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, ev heyvanları və quşların metroda daşınması ilə bağlı qadağa yoxdur.
Belə ki, “Bakı metropolitenindən istifadə Qaydaları”na əsasən, xüsusi konteyner və ya qəfəsdə olmaq şərti ilə kiçik ev heyvanlarını və quşları metroda daşımaq mümkündür. Məlumatda bildiirlib ki, onların daşınması üçün gediş haqqı ödənilməsi tələb olunmur.
Həmçinin, qeyd olunub ki, göstərilən qaydalara əməl edilməsi hər kəsin təhlükəsiz və rahat səfəri üçün vacibdir.
Statistikaya görə, Bakı metrosu ölkənin ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsidir. 2025-ci ilin ilk 6 ayında 111 milyondan çox sərnişinə xidmət göstərib. Bu müddətdə metro gündəlik orta hesabla 612 min sərnişin daşıyıb. Bu isə paytaxt sakinlərinin gündəlik həyatında metronun nə qədər mühüm rol oynadığını bir daha göstərir.
Azərbaycanda ev heyvanlarının rəsmi statistikasına dair rəqəmlər mövcud olmasa da, müşahidələr göstərir ki, xüsusilə Bakıda pişik və it saxlayan ailələrin sayı ildən-ilə artır. Qeyri-rəsmi mənbələrdə qeyd olunur ki, paytaxt küçələrində on minlərlə pişik və it mövcuddur, eyni zamanda evlərdə saxlanılan heyvanların sayında da artım müşahidə olunur. Bu tendensiya heyvan satışı bazarının böyüməsi, heyvanlara qulluq mərkəzlərinin, klinikaların və aksesuar satış nöqtələrinin çoxalmasında da özünü göstərir.
Firuzə Əliyeva
Sfera.az






