Ucuz geyimlər uşaqlar üçün problem yarada bilər - XƏBƏRDARLIQ

Ucuz geyimlər uşaqlar üçün problem yarada bilər - <span style="color:#ff0000">XƏBƏRDARLIQ</span>
Kateqoriya məlum deyil02.09.25, 11:13275 👁️
T

Aşağı qiymətli geyimlər insanların büdcəsinə qənaət etməyə imkan versə də, onların hazırlanmasında istifadə olunan parçaların keyfiyyətinə dair suallar yaranır. Çox vaxt bu cür geyimlər ucuz xammaldan və müxtəlif kimyəvi maddələrlə rənglənmiş sintetik parçalardan istehsal olunur.

 

Nəticədə həm böyüklər, həm də uşaqlar gündəlik həyatlarında bu materiallarla təmasda olur.


Bunun bədənə hər hansı fəsadı varmı? Ucuz geyimlər dəridə hansı xəstəliklərə səbəb ola bilər? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmlər doktoru, professor Adil Qeybulla təkcə ölkəyə daxil olan qida məhsullarının deyil, həm də sənaye mallarının təhlükəsizliyinin yoxlanmalı olduğunu bildirib. 

 

 

O əlavə edib ki, müxtəlif parçalar və sintetik materiallardan hazırlanmış geyimlərin hər biri təhlükəsizlik standartlarına uyğun olaraq test edilməlidir:

 

“Hətta onların radioaktivliyi belə nəzərdən keçirilməlidir ki, bu bir qədər qəribə görünsə də, reallıqdır. Bundan əlavə, dəridə toksiki təsirlərin, allergik reaksiyaların yaranma ehtimalı da araşdırılmalıdır. Ən azından idxal olunan malların kimyəvi tərkibi beynəlxalq norma və qaydalara cavab verməli, geyim kimi istifadəsinə icazə verilib-verilmədiyi dəqiqləşdirilməlidir”.

 

Professor qeyd edib ki, bütün bu şərtlərə uyğunluq mütləq qiymətləndirilməlidir. 

 

A.Qeybulla şübhə doğuran ucuz geyimlərin də mövcud olduğunu, lakin bəzi inkişaf etməkdə olan ölkələrdə işçi qüvvəsinin ucuzluğu səbəbindən qiymətlərin aşağı olduğunu da nəzərə almaq lazım olduğunu qeyd edib: 


”Belə məhsulların dizaynı və tikiş keyfiyyəti tanınmış brend geyimlərdən fərqli ola bilər, amma bəzən davamlı və yaxşı, bəzən isə zəif keyfiyyətli ola bilərlər. Bunu dəqiq müəyyənləşdirmək üçün mallar təhlükəsizlik meyarlarına uyğun şəkildə yoxlanmalıdır”.

 

Qeyd edək ki, son illər aparılan beynəlxalq araşdırmalar göstərir ki, dünyada satışa çıxarılan bir çox geyim məhsulu insan sağlamlığı üçün təhlükə yaradır.

 

Tədqiqatlarda müəyyən edilib ki, müxtəlif ölkələrdən toplanmış nümunələrin 60 faizdən çoxunda sağlamlıq üçün zərərli hesab olunan PFAS (əsla parçalanmayan “əbədi kimyəvi maddələr”), həmçinin ftalatlar, formaldehid və digər toksik birləşmələr aşkar olunub.

 

Məsələn, uşaq geyimlərinin 60 faizində PFAS maddələri tapılıb, bəzi nümunələrdə isə Avropa İttifaqının təyin etdiyi təhlükəsizlik limitlərini dəfələrlə üstələyən səviyyələr qeydə alınıb. Cənubi Koreyada aparılan sınaqlar isə bəzi məşhur ucuz geyim markalarında ftalatların normadan 400 dəfədən çox olduğu faktını üzə çıxarıb.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...