İllər keçdikcə insanların münasibətlərə yanaşması və həyat tərzi dəyişir. Bu dəyişikliklər əsasən ictimai fikirlərin, mental dəyərlərin və sosial normaların fərqli istiqamətdə formalaşması ilə bağlıdır.
Məsələn, insanların tez-tez partnyor dəyişməsi də bu prosesin nəticəsi kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, bu meyl son dövrlərdə xüsusilə qadınlar arasında daha çox müşahidə olunur.
İnsanların tez-tez partnyor dəyişməsi nədən qaynaqlanır? Xüsusilə xanımlar üçün sevgi münasibətində sabitlik tapmaq və yalnız bir nəfərlə həyatını davam etdirmək hansı yaş aralığında daha məqsədəuyğun hesab olunur?
Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova bu halın əsas səbəblərindən birinin psixoloji amillərlə bağlı olduğunu deyib.
Onun sözlərinə görə, isanların münasibətlərdə tez-tez tərəfdaş dəyişməsinin başlıca səbəbi özünə inamsızlıq, özünü dərk etmə çətinliyi və “Mən kiməm?”, “Nə istəyirəm?” kimi suallara cavab tapa bilməməkdir:
“Bu səbəbdən doğru qərar verməkdə çətinlik çəkirlər. Bununla yanaşı, emosional ehtiyacların yaranması da mühüm rol oynayır. İnsan həyatının müxtəlif dövrlərində qadınlar fərqli emosional və sosial tələbatlar hiss edə bilirlər. Emosional ehtiyaclar şəxsin daxili duyğularına əsaslanır – sevgi, dəyər görmək, güvən və təhlükəsizlik hissi. Sosial ehtiyaclar isə cəmiyyətlə bağlıdır: dostluq münasibətləri, dəstək görmək və toplum tərəfindən qəbul edilmək. Bu fərqli ehtiyacların mövcudluğu qadınların münasibətlərdə tərəfdaş dəyişməsini artıran amillərdən biridir”.
Psixoloq qeyd edib ki, digər mühüm faktor isə sosial şəbəkələrin və medianın yaratdığı “süni mədəniyyət”dir:
“İnsanlar sürətlə seçimlərini dəyişirlər — istər dostluqda, istər şəxsi münasibətlərdə. Bundan başqa, qadınların təhsil və iş imkanlarının genişlənməsi də seçimlərinə təsir göstərir. Əvvəllər yalnız ölkə daxilində təhsil alan qadınlar indi qonşu ölkələrdə, Avropada və digər bölgələrdə oxumaq və işləmək imkanı əldə edirlər. Bu isə onların gözləntilərini artırır, üfüqlərini genişləndirir. Eyni zamanda uşaqlıq və gənclikdə ailədə və ya məktəbdə müşahidə olunan münaqişələr, valideynlərin problemləri həll etməməsi də qadınların gələcək münasibətlərinə təsir göstərə bilir”.
Ü.Məhərrəmova əlavə edib ki, psixoloji araşdırmalara əsasən, qadınlarda tam qərarvermə yaşı 25-35 arası hesab olunur:
“18-24 yaş aralığı daha çox yeniyetməlikdən gəncliyə keçid dövrü sayılır və bu mərhələdə verilən qərarlar çox vaxt qeyri-sabit olur. 25 yaşdan sonra qadın həm emosional yetkinlik, həm də müstəqillik qazandığından, uzunmüddətli münasibətlər üçün daha düzgün seçim etmə potensialına sahib olur. Ona görə də gənclərin erkən yaşlarda tez-tez tərəfdaş dəyişməsi sağlam addım hesab edilmir”.
Psixoloq tövsiyəsi olaraq, xanımlara məsləhət görür ki, ilk növbədə özlərini tanısınlar, dəyərlərini və həyat prinsiplərini müəyyənləşdirsinlər, münasibətlərdə hansı gözləntilərinin olduğunu dəqiqləşdirsinlər:
“Uğursuz münasibətləri analiz edərək gələcəkdə eyni səhvləri təkrarlamamağa çalışsınlar. Ailədən, yaxın dostlardan və böyük bacılardan məsləhət almaq da faydalı ola bilər. Əsas məqsəd – özünü anlamaq, ehtiyac və arzularını tanımaq, həyatın müxtəlif sahələrində balans yaratmaqdır.
Maslovun ehtiyaclar iyerarxiyasında qeyd olunduğu kimi, sevgi və aidiyyət hər bir insanın fundamental ehtiyacıdır. Bu ehtiyacları düzgün dəyərləndirmək və onlara uyğun davranmaq qadınların həm xoşbəxt, həm də davamlı münasibətlər qurmasına şərait yaradır”.
Fidan Hacızadə
Sfera.az