Sevgi seçimləri uşaqlıqdan başlayır: Ata obrazının rolu

Sevgi seçimləri uşaqlıqdan başlayır: Ata obrazının rolu
Kateqoriya məlum deyil
T

Son illərdə psixoterapiya və şüuraltı terapiya ilə məşğul olan mütəxəssislər qadınların münasibətlərində yaşadığı çətinlikləri daha çox ata-qız münasibətləri ilə əlaqələndirirlər. Onların fikrincə, müşahidələr göstərir ki, qızların bir çoxu ataları kimi birinə aşiq olmağa üstün tuturlar.  Bu istəyin qızların seçimlərində çətinliklər yaratdığını düşünənlər var. 


Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Elgül Ağarzayeva dedi ki, psixoanaliz yanaşmasına əsasən qadınların həyat yoldaşı və ya partnyor seçimlərində ata obrazının təsiri mühüm rol oynayır: 


"“Qızlar ataları kimi birinə aşiq olur” ifadəsi psixoloji baxımdan da doğrudur. Düzdür, bu, 100 faiz özünü doğrultmur, amma psixoloji araşdırmaların böyük əksəriyyəti bunu təsdiqləyir. Psixoanaliz nəzəriyyəsinə görə, qız uşaqlarının ata ilə olan bağlılığı onların gələcək münasibətlərinə birbaşa təsir edir. Bu proses şüurlu şəkildə deyil, şüuraltı formada baş verir və əsasən şəxsiyyətin inkişafının 3-6 yaş dövründə formalaşır”. 

 


Psixoloq bildirib ki, həmin dövrdə qız uşaqları rol model olaraq valideynlərini görür və atalarına qarşı rəğbət, sevgi, məhəbbət hissləri onların bütün həyatına təsir edə bilir: 


“Əgər qız uşaqları bu dövrdə atalarından qayğısızlıq, sevgisizlik və ya travma yaşayıblarsa, gələcəkdə şüuraltı olaraq onlara soyuq davranan, ata ilə oxşar xüsusiyyətlərə sahib partnyorları seçmək ehtimalı yüksəlir. Yəni qadın öz seçimindən asılı olmadan, atasını xatırladan bir insanı həyatına daxil edə bilir”.


O, eyni halın oğlanlarda da müşahidə olunduğunu bildirdi: 


“Oğlan uşaqları da anaları ilə münasibətlərinə bənzər qadınları seçirlər. Məsələn, anasından soyuqluq görən, diqqətsizliklə böyüyən oğlanlar gələcəkdə öz analarına oxşar xüsusiyyətlərə sahib qadınlara meyl edirlər. Bu isə yenə də şüuraltı bir seçimdir”.


Mütəxəssis qeyd edib ki, onun qəbuluna gələn bəzi pasiyentlərin ailə diaqramı qurularkən aydın olur ki, qadınlar çox vaxt ataları ilə eyni xarakterə malik şəxslərlə ailə qurublar: 


“Xanım hansı ailədə böyüyüb, ata qayğısı görüb-görməyib, atası hansı xarakterə malik olub – bunların hamısı həyat yoldaşı seçimində özünü göstərir. Əksər hallarda qadının yoldaşının xarakteri atasına bənzəyir. Bu da təsadüfi deyil, şüuraltı bir prosesdir”. 


Beləliklə, mütəxəssisin sözlərinə görə, qadınların ataları ilə münasibətləri gələcəkdə onların sevgidə yaşadığı problemlərin əsas mənbəyi ola bilər. Eynilə də oğlanların anaları ilə olan münasibətləri gələcək həyatına təsirsiz ötüşmür.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR