Ağdam rayonunun Xındırıstan kəndində valideynləri tərəfindən zorakılığa məruz qalan iki azyaşlı uşağın taleyi, onların təhlükəsizliyi məsələsi ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Sfera.az məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərib.
Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli sorğuya cavab olaraq bildirib ki, hadisə üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma aparılır.
“Hadisə nəticəsində zərərçəkən uşaqlar ilkin olaraq Ağdam Rayon Xəstəxanasına yerləşdirilib. Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu qoyulan və zəruri tibbi xidmət göstərilən uşaqlardan 3 yaşlısının vəziyyəti ağır olduğundan, o, daha ixtisaslı tibbi xidmət üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub və həkimlərin müşahidəsi altındadır. Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi məsələni nəzarətə götürüb. Mərkəzin əməkdaşları uşaqların səhhəti ilə yaxından maraqlanır və onların psixoloji rifahının təmin olunmasına çalışırlar. Valideynlər fakt üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar”.
Bahar Həsənli bildirib ki, hazırda Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məsələsinə baxılır.
Komitədən bildirilib ki, uşaqlar zorakılığa məruz qaldıqda onların valideynlərinə qaytarılması yalnız qanunvericiliyə uyğun olaraq, uşağın təhlükəsizliyi tam təmin ediləndə mümkündür:
"Hazırda uşaqların təhlükəsizliyi və gələcək taleyinin təmin olunması üçün bütün zəruri tədbirlər görülür, aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir".
Bəsti Rəfizadə
Sfera.az