Tıxac mövsümü başlayır - Hansı tədbirlər görüləcək?

Sentyabr ayı həm təhsil müəssisələrinin fəaliyyətə başlaması, həm də insanların yay istirahətindən işlərinə qayıtması ilə seçilir. Bu səbəbdən paytaxt yollarında hər il müşahidə olunan tıxaclar daha da kəskinləşir.
Bununla yanaşı, yeni avtomobillərin sayının ildən-ilə çoxalması və şəhər əhalisinin artması yolların yüklənməsini daha da gücləndirir. Beləliklə, hər il sentyabrda paytaxtda nəqliyyat sıxlığı daha qabarıq şəkildə özünü göstərir.
Tıxacların azaldılması və qarşısının alınması üçün hansısa tədbirlərin görülməsi nəzərdə tutulur?
Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov paytaxtlarda şəhərin yüklənməsinin yalnız Azərbaycana məxsus hal olmadığını deyib.
Ekspertin sözlərinə görə, ümumilikdə dünyanın bir çox ölkələrində də bu problem mövcuddur:
“Təəssüf ki, miqrasiya səbəbindən bu proses daha da güclənir. Nəqliyyat vasitələrinin effektivliyinin artırılması isə problemin tam həlli üçün kifayət etmir. Çünki paytaxt yollarının ensizliyi, hərəkət intensivliyini qarşılamaq imkanının zəifliyi, yol təhlükəsizliyi qaydalarının pozulması, əhalinin məcburi şəkildə sıx məskunlaşması kimi amillər zamanla toplanaraq böhran həddinə çatır. Nəticədə isə cəmiyyətdə narazılıq və mənfi rəy formalaşır. Tıxaclar heç də arzuolunan vəziyyət deyil”.
A.Əsədov əlavə edib ki, digər tərəfdən, nəqliyyat vasitələrinin istismarında sürücülərin qaydalara laqeyd yanaşması da həm şəhərdaxili, həm də şəhərətrafı yollarda tıxacların kəskinləşməsinə gətirib çıxara bilər:
“Bu problemin aradan qaldırılması üçün metro xətlərinin sürətlə genişləndirilməsi, Bakıətrafı qəsəbələrlə əlaqənin gücləndirilməsi, daxili yolların salınması, qonşu yaşayış məntəqələri ilə avtomobil yollarının bərpası və yeni marşrut xətlərinin yaradılması mühüm rol oynaya bilər. Belə addımlar nəqliyyat yükünün azaldılmasına və vətəndaşların rahatlığının təmin edilməsinə müsbət təsir göstərəcək”.
Fidan Hacızadə
Sfera.az






