Son illərdə ölkəmizdə qiymətlərin sürətlə artması evlənmək istəyən cütlükləri, onların ailələrini çətin vəziyyətlə üz-üzə qoyub. İndi bir evliliyin baş tutması üçün toy şənliklərinin keçirilməsinə, toya hazırlığa (gəlin geyimi, gözəllik salonu xərcləri və s.), zinət əşyalarının alınmasına, eləcə də mənzil və cehizlə bağlı xərclərə böyük məbləğdə vəsait tələb olunur. Xərclərin böyük olması evlənmək arzusunda olan şəxslərin qərarlarına təsir edir, onların bəziləri ya toy mərasiminin keçirilməsini təxirə salır, ya da bu fikrirdən daşındırır.
Bəs indi bir evlilik ailələrə, cütlüklərə neçəyə başa gəlir?
Sfera.az bu araşdırma yazısında ailə qurmaq üçün lazım olan xərcləri təqdim edir.
Restoran və ya şadlıq evi xərcləri
Evlənən cütlüklər üçün toy mərasiminin keçirilməsi vacib adətə çevrilib. Yəni, toysuz evlənmək olmur. Toy məclisinin təşkilinin əsas xərclərini isə restoran xidmətlərinin dəyəri müəyyənləşdirir.
Restoran, yaxud şadlıq evlərinin qiymətləri son illərdə xeyli yüksəlib. Şadlıq evinin, restoranın tərtibatı, qonaq sayı və menyu seçimi toy mərasiminin keçirilməsi xərclərinə ciddi təsir edir. Azərbaycanda toy mərasiminin keçirilməsi xərcləri adambaşına minimum 35–45 AZN, maksimum isə 300-400 AZN arasında dəyişir. Orta hesabla toyun keçirilməsi üçün bir nəfərə görə tələb edilən pul 50-100 manatdır.
Toy xərclərinin böyük olmasına görə indi oğlan və qız tərəfi ortaq toy şənliyinin keçirilməsinə məcbur olurlar. Amma bu da xərcləri kəskin şəkildə azaltmır. Əgər toy şənliyi hər ailədən 100 nəfərlə, ümumilikdə 200 nəfərlə keçirilirsə ailələrin hər birinin xərcləri orta hesabla 5-10 min manat olur.
Qızıl zinət əşyaları
Toy mərasiminin digər vacib elementlərindən biri də nişan üzüyü və gəlin dəstləridir. Bu hədiyələrin alınması da böyük vəsait tələb edir.
585 əyarlı qızıldan hazırlanan sadə alyans və nişan üzükləri 150–300 AZN-dir. Brilyant qaşlı üzüklər 400–500 AZN, daha böyük karatlı brilyant üzüklər 600–700 AZN təşkil edir.
Qeyd edək ki, üzüyün çəkisi və dizaynı da qiyməti artırır. Daha ağır və mürəkkəb dizayna malik üzüklər adətən baha olur.
750 əyarlı qızıldan hazırlanan sadə alyanslar 460 AZN-dən başlayır. Bu əyarlı qızıldan istifadə edilən brilyant üzüklər isə 980 AZN-dən, daha böyük karatlı üzüklərin qiyməti 2 000–3000 AZN-dən başlayır.
Gəlin dəstləri
Gəlin üçün zinət dəstləri də xərclərin əhəmiyyətli hissəsini təşkil edir.
585 əyarlı qızıldan olan dəstlər ən ucuz 1 500–2000 AZN, ən bahalı dəstlər 5 000 AZN təşkil edir.
750 əyarlı qızıldan dəstlər sadə, daşsız və ya kiçik daşlı olduqda 700–1 000 AZN, böyük daşlı olduqda 2 000–5 000 AZN, lüks brend dəstlər olduqda isə 5 000 AZN-dən yuxarı olur.
Gəlinlik və gözəllik xidmətləri
Gəlinin toy günündə görünüşü də xüsusi diqqət tələb edir. Gəlinlik icarəsi minimum 300–600 AZN, maksimum isə 1 000–2 000 AZN arasında dəyişir. Saç və makiyaj xidmətləri üçün isə orta hesabla 300–500 AZN xərclənir. Gəlin buketləri sadə dizaynlardan başlayaraq 50–300 AZN, xonça qabları icarəsi isə 5–50 AZN arasında dəyişir.
Foto və video xidmətləri
Toy gününün yadda qalan anları üçün foto və video xidmətləri də vacibdir. Fotosessiya xərcləri 200–500 AZN, video çəkiliş isə 500–1 000 AZN arasında dəyişir.
Toy məclisinin əhval-ruhiyyəsini təmin edən musiqiçilər 120–500 AZN arasında dəyişən qiymətə çalışır. Gəlin maşını isə 200–800 AZN aralığında icarəyə götürülə bilər.
Evin tamamlanması və gələcək ailə həyatının rahatlığı üçün cehiz xərcləri də böyük rol oynayır. Yataq dəstləri 800–5000 AZN, qonaq dəstləri isə 650–14 000 AZN arasında dəyişir. Bundan başqa mətbəx mebelinin və ləvazimatlarının alınması, məişət avadanlıqlarına görə xərclər ən azı 10 min manat pul tələb edir.
Beləliklə, hazırda bir evliliyin baş tutması üçün tərəflər orta hesabla 20 000 - 40 000 AZN pul xərcləməlidir. Bu məqsəd üçün xərclər 5-7 il öncə 10-20 min AZN təşkil edirdi.
Mütəxəssislər bildirir ki, ailələr toy planlaması zamanı xərcləri əvvəlcədən hesablamalı və prioritetləri müəyyən etməlidirlər. Bu, həm büdcənin səmərəli idarə olunmasını, həm də mərasimin stressiz keçməsini təmin edəcək.
Bəsti Rəfizadə
Sfera.az