Müsadirə olunan kriptovalyutanın taleyi necə olacaq?

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.
Sfera.az bildirir ki, mövzu ilə bağlı danışan Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib ki, əvvəllər cinayət məsuliyyətinə cəlb olunanlardan qızıl-gümüş, əmlak, avtomobil kimi fiziki formada mövcud olanlar müsadirə olunardı, indi isə dövran dəyişib.
Onun sözlərinə görə, hansı kriptovalyuta və hansı qlobal birja olması açıqlanmasa da, güman ki, söhbət Bitcoin və ya Ethereumdan, həmçinin də ölkəmizdə populyar olan Binance və ya BitGet birjalarından gedir. Qlobal birjalar da adətən məhkəmə qərarı ilə gələn sorğuları dərhal icra edirlər.
DTX-nın açıqlamasında hadisənin motivi haqda məlumat verilməsə də, O.Gündüz öz təxminlərini bölüşüb:
“Təxmin etmək olar ki, DTX hansısa mütəşəkkil dəstənin kiber cinayətini araşdırarkən bu cinayətin törədilməsində kriptovalyutalardan istifadə edildiyini, onların birja hesablarında xeyli kriptonun olduğunu müəyyənləşdirib. Qanunvericilikdə də cinayət prosesində əldə edilən bütün əmlakın, o cümlədən qeyri-maddi əmlakın, yəni virtual aktivlərin də müsadirəsi nəzərdə tutulur. Xatırladıram ki, bu, Azərbaycan tarixində ilk belə hadisədir ki, hansısa cinayət işi üzrə kriptovalyutaya məhkəmə qərarı ilə həbs qoyulub və müsadirə olunub”.
Mütəxəssisin fikrincə, bu addım ölkəmizdə virtual aktivlərin hüquqi statusunun möhkəmlənməsi baxımından önəmli presedent yaradır və rəqəmsal cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcıdır.
O, xatırladıb ki, hələlik ölkəmizdə virtual aktivlər haqqında qanun qəbul edilməyib. Bir müddət öncə Mərkəzi Bankda görüş keçirilərkən qurumun rəhbərliyi adı çəkilən qanun layihəsinin hazırlanmaqda olduğunu bildirmişdi.
Bəs müsadirə olunan kriptovalyutanın taleyi necə olacaq?
AİF rəhbəri bildirib ki, beynəlxalq təcrübədə adətən müsadirə edilən kriptovalyutalar ya hərracla satılır, ya da dövlət ehtiyatlarına yönləndirilir. Buradan belə qənaətə gəlmək olar ki, bir azdan Ədliyyə Nazirliyinin herrac.gov.az portalında hansısa dövlət qurumunun kriptovalyutanı satışa çıxarmasını görsək, gərək təəccüblənməyək.
Firuzə Əliyeva
Sfera.az





