Uzunmüddətli münasibət istəyirsinizsə, bu sözləri deməyin

Uzunmüddətli münasibətlərdə romantikanı qorumaq tərəflərin qarşılıqlı səylərindən və emosional bağlılığı diri saxlamaq bacarığından asılıdır. Günlük həyatın qayğıları və monotonluğu sevgini zəiflədə bilər, lakin şüurlu yanaşma bu prosesi əksinə, gücləndirə bilər. Romantikanın davamlılığı üçün psixoloji yanaşmalar həm yaxınlığı, həm də tərəflərin bir-birinə olan dəyərini daim xatırladır.
Uzunmüddətli münasibətlərdə romantikanı qorumaq üçün hansı psixoloji addımlar atılmalıdır?
Sfera.az-a bu barədə açıqlama verən psixoloq Ülkər Məhərrəmova cütlüklərin uzunmüddətli münasibətlərdə romantikanı qoruması üçün ən vacib amillərinin dəyər vermək, anlayış göstərmək, bir-birini dinləmək və yaranan problemləri səmimiyyətlə müzakirə etmək olduğunu deyib.

Onun sözlərinə görə, “Sənin günahın, mənim səhvim, sən yaratdın, mən etdim” demək əvəzinə, sualı belə qoymaq daha doğrudur:
“Biz bu vəziyyəti necə həll edə bilərik?” Çünki tərəflər arasında olan romantik bağlılıq ailənin möhkəm və uzunömürlü olmasına səbəb olur. Əgər münasibətlərdə “biz dili” yox, “sən-mən dili” işlədilirsə, romantika zəifləyir, bunun əvəzinə isə münaqişələr artır. Ən çox da ilk tanışlıq, başlanğıc görüşlər, birgə qatıldıqları tədbirlər və paylaşdıqları maraqlı anlar onları birgə xatirəyə çevirir. Münasibət davam etdikcə “ilk tanışlıq, ilk bayram, ilk görüş” kimi anıları xoş yaddaşa çevirmək, onları şəkillərlə və ya söhbətlə yad etmək mühümdür. Bununla yanaşı, indiki zamanda da bir-birinə mehriban sözlər demək, təşəkkür etmək, “yaxşı ki, həyatımda varsən, yaxşı ki, birlikdəyik” kimi ifadələr işlətmək münasibətlərdə romantikanı gücləndirir”.
Psixoloq belə olduqda həm doğru ünsiyyət qurulduğunu, həm də münasibətlərdə gərginliyin azaldığını əlavə edib.
O bildirib ki, bu halda insanlar bir-birinə xoş xatirələrlə, diqqət və anlayışla yanaşırlar:
“Tam ideal ailə yoxdur, amma yaxşıların içində də daha nümunəvi olan ailələr var – bir-birini dinləyən, anlayış göstərən, fikirlərini bölüşən cütlüklər. Onların əsas dayağı güvəndir. Güvən artdıqca anlayış da möhkəmlənir, dəyərlər dərinləşir. Bu isə münasibətlərdə sevgini, diqqəti və romantikanı daha da artırır. Romantika əslində evliliyə yol açır. Lakin bəziləri münasibətlərin dərinliyini dərk etmədiyi üçün onları yarımçıq buraxır. Çünki məsələ yalnız evliliyə çatmaq deyil, münasibəti düzgün şəkildə qurmaqdır”.
Ü.Məhərrəmova qeyd edib ki, əks halda romantikanın zərifliyi, gözəlliyi və emosional bağlılığı itir:
“Amma hər şeyi olduğu kimi qəbul edən, partnyorunu olduğu kimi sevən və özünü səmimi şəkildə göstərən cütlüklərin münasibətləri uzandıqca dəyərlər daha da böyüyür, romantika genişlənir. Romantik cütlüklər – hər ikisi emosional, bir-birini anlayan, qarşı tərəfin dünyasına daxil ola bilən insanlardır. Münasibətdə eyni yeməyi yemək, eyni geyimi seçmək, eyni peşəyə sahib olmaq vacib deyil. Hər kəsin öz zövqü, düşüncəsi, seçimi ola bilər. Amma qarşı tərəfin zövqünü anlamağı və qəbul etməyi bacaran cütlüklər bir-birinə daha incə və romantik yanaşırlar”.
Fidan Hacızadə
Sfera.az





