Azərbaycandakı ən böyük YANĞINLAR

Son günlər ölkənin müxtəlif bölgələrində ard-arda baş verən yanğınlar mövzunu yenidən gündəmə gətirib. Xüsusilə Bakının Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi yaxınlığında baş verən güclü yanğın ölkə gündəminə çevrilib.
İstər meşə ərazilərində, istərsə də sənaye və yaşayış obyektlərində baş verən bu hadisələr ciddi fəsadlara, maddi ziyana və bəzən də insan tələfatına səbəb olur. İqlim dəyişikliyi, ehtiyatsızlıq, təhlükəsizlik qaydalarına əməl olunmaması kimi amillər yanğınların miqyasını daha da artırır. Bu isə Azərbaycanda yanğın təhlükəsizliyi məsələlərinin nə qədər aktual olduğunu bir daha göstərir.
Sfera.az mövzunun aktuallığını nəzərə alaraq ölkəmizdə baş verən ən böyük yanğın hadisələrini araşdırıb.
Belə ki, 2014-cü ilin mayında Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “Binə” ticarət mərkəzində güclü yanğın baş verib. Minlərlə kvadratmetr sahə yanaraq külə dönüb, yüzlərlə sahibkarın mağazası məhv olub. Rəsmi məlumatlara görə, zərərin həcmi milyonlarla manatla ölçülürdü. Hadisə nəticəsində ölən olmasa da, yanğın sahibkarların illərlə qurduğu biznesini bir anın içində sıradan çıxarıb.

2015-ci ilin mayında isə Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın ölkə tarixində ən faciəvi hadisələrdən biri kimi yadda qalıb. Hadisə zamanı 15 nəfər, o cümlədən uşaqlar həyatını itirib, 60-dan çox sakin müxtəlif dərəcəli xəsarətlər alıb.

İstintaq nəticəsində məlum olub ki, binanın üzlənməsi üçün istifadə olunan keyfiyyətsiz material yanğının sürətlə yayılmasına səbəb olub. Bu hadisə ölkədə tikinti təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrə yol açıb. Bunlardan başqa, 2016-cı ilin martında Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Sintetik kauçuk” zavodunda güclü yanğın baş verib. Neft-kimya məhsullarının yanması nəticəsində havaya qalxan qara tüstü on kilometrlərlə məsafədən görünürdü. Yanğın xeyli müddət davam etsə də, xəsarət alan olmayıb. Lakin zavodun istehsalat sahələri ciddi zərər görüb.
2018-ci ilin iyulunda ölkənin ən böyük enerji müəssisəsi olan Mingəçevir İES-də baş verən yanğın nəticəsində respublikanın böyük hissəsində elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb.

Yanğın zamanı 2 nəfər həlak olbu, 4 nəfər xəsarət alıb. Hadisə enerji təhlükəsizliyi sahəsində ciddi çatışmazlıqları üzə çıxarıb və ölkə rəhbərliyi səviyyəsində fövqəladə iclasların keçirilməsinə səbəb olub.
2022-ci ilin noyabrında Gəncə Avtomobil Zavodunda istehsal sahəsində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi hadisə yerinə onlarca yanğınsöndürən texnika cəlb edib. Zavodun bir neçə sexi istifadəsiz hala düşüb. Ölən və xəsarət alan olmasa da, zavodun istehsalat prosesinə böyük ziyan dəyib. Bütün bunlarla yanaşı, yay mövsümünün quraqlıq şəraiti ilə əlaqədar meşə yanğınları da ölkədə ciddi təhlükə mənbəyinə çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu ilin yalnız yay aylarında 80-dən çox meşə və ətraf yanğın qeydə alınıb. Onların bir qismi xüsusi mühafizə olunan ərazilərə də yayılıb. Yanğınların əsas səbəbləri insan ehtiyatsızlığı və iqlim dəyişikliyinin yaratdığı risklərlə bağlıdır. Hazırda nazirlik tərəfindən əlavə müşahidə qüllələri, yanğın zolaqları yaradılır və könüllülərin iştirakı ilə profilaktik tədbirlər həyata keçirilir.
Azərbaycanın müxtəlif dövrlərində baş verən bu yanğınlar bir daha göstərir ki, təhlükəsizlik qaydalarına əməl olunmaması, məsuliyyətsizlik və nəzarətsizlik çox zaman faciəvi nəticələrə gətirib çıxarır. Son günlər baş verən hadisələr isə yanğın təhlükəsizliyinə dair nəzarətin və maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini ortaya qoyur.
Firuzə Əliyeva
Sfera.az





