Valideyn uşağı necə tərbiyələndirməlidir? - Neyropsixoloqdan 7 tövsiyə

Valideyn uşağı necə tərbiyələndirməlidir? - Neyropsixoloqdan 7 tövsiyə
Kateqoriya məlum deyil
T

Müasir dövrdə valideynlərin uşaqların tərbiyə üsullarında, onların uşaqlara münasibətində dəyişiklik müşahidə olunur. Bir çox valideyn uşaqlara qadağa qoymağın əleyhinə çıxır, hətta uşağın psixologiyasına mənfi təsir etməmək üçün “olmaz” sözünü belə işlətmirlər. 


Bəs azyaşlı uşağa qadağa qoymaq, ona “yox” demək doğrudanmı zərərlidir?


Mövzu ilə bağlı neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlama verib. O bildirib ki, uşaqlar dünyaya gəldikləri andan valideynlərinin davranış və reaksiyalarını izləyərək öyrənirlər:


“Artıq 9 aylığından etibarən körpələr “yox” sözünü başa düşür. Valideyn ciddi və ardıcıl reaksiya göstərdikdə, körpə bu mesajı qəbul edir. Körpəlik dövründə “yox” deməyin əsas məqsədi uşağın təhlükəsizliyini təmin etmək və ilkin qaydaları öyrətməkdir. Bu, onun öyrənmək istəyini əngəlləmir, əksinə, təhlükəsiz çərçivə yaradır”.

 


Neyropsixoloq qeyd edib ki, qadağa ilə nizam-intizam eyni anlayış deyil:


“Nizam-intizam qadağa demək deyil, nizamlı həyat deməkdir. Uşağa müəyyən qaydalar – yemək və yatmaq saatlarının sabitliyi, telefon və TV izləmə vaxtının məhdudlaşdırılması, şəxsi gigiyena qaydalarının öyrədilməsi – sərhəd və qayda hissi qazandırır. Bu sərhədlərin məqsədi uşağı qorxutmaq deyil, ona özünü idarə etmə bacarığı qazandırmaqdır”.


Aytəkin Aslan vurğulayıb ki, uşağa “yox” demək yalnız müəyyən hallarda tətbiq olunmalıdır:


“Təhlükəli davranış, qəbul edilməyən hərəkət və ya qaydalara zidd inadkar davranışlarda valideyn qətiyyətlə “yox” deməlidir. Amma bu zaman uşağın yaşı və inkişaf səviyyəsi nəzərə alınmalıdır. Məsələn, 3 yaşlı uşağın yeməyi tökməsinə görə onu sərt qadağa ilə cəzalandırmaq doğru deyil. Valideyn qısa və qəti şəkildə izah etməli, alternativ təqdim etməli, uşağın duyğularına hörmət göstərməlidir. Sərhədlər sevgi dolu, amma tutarlı şəkildə qoyulmalıdır. Valideynlər arasında da birlik vacibdir – ana “yox” dedikdə ata da eyni mövqedə olmalı, nənə və baba da bu qaydalara əməl etməlidir. Əks halda uşaq davranış problemləri ilə üzləşə bilər”.


Mütəxəssis əlavə edib ki, xüsusən alış-veriş zamanı uşağın hər istəyinin yerinə yetirilməsi mümkün deyil:


“Marketdə ağlayaraq nəyisə almaq istəyən uşağa “yox” deyilməsi vacibdir. Burada uşaqla göz əlaqəsi yaratmaq, onun səviyyəsinə enərək izah etmək və sərhədləri göstərmək daha effektivdir. Əgər valideyn “yox”u sevgi ilə, ardıcıl və aydın şəkildə deyirsə, bu, uşağın psixologiyasına mənfi təsir göstərmir, əksinə, onu təhlükəsiz və nizamlı həyata hazırlayır”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR