Meşələrimiz yanır - Təsadüf ya qəsd?

Azərbaycanda son günlər artan meşə yanğınları cəmiyyətdə ciddi narahatlıq doğurub. Rəsmi qurumlar əsas səbəblər sırasında vətəndaşların ehtiyatsız davranışlarını göstərsə də, bu məsələnin yalnız diqqətsizliklə izah olunub-olunmaması müzakirə mövzusu olaraq qalır. Çünki oxşar hallara dünyanın bir çox ölkəsində də rast gəlinir və bəzi məqamlarda yanğınların təbii səbəblərdən deyil, qəsdən törədildiyi ehtimalları gündəmə gəlir.
Qeyd edək ki, təkcə 2025-ci ilin iyul-avqust aylarında Azərbaycanda 7 meşə yanğına rast gəlinib.
Maraqlı sual isə odur ki, bu cür hadisələr təsadüfi xarakter daşıyır, yoxsa artıq bir tendensiyaya çevrilməkdədir?
Sfera.az-a açıqlama verən təhlükəsizik üzrə ekspert Orxan Musayev bildirib ki, meşələrdə baş verən yanğınların əsas səbəbi ehtiyatsızlıqla bağlı olur. Bununla yanaşı, əkin sahələrində və ya yaşayış məntəqələrində baş verən yanğınların meşəyə doğru yayılması ilə də qaynaqlana bilir.
Ekspert nəzərə çatdırıb ki, bütün hallarda yanğın təhlükəsizliyi ilə bağlı mütləq tədbirlər görülməlidir:

“Meşələrdə bu tədbirlərin görülməsinə xüsusi əhəmiyyət verilir. Bununla belə, Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydaları təsbit olunub. Bu qaydaların məğzi meşələrdən istifadə zamanı yanğın təhlükəsizliyinin norma və tələblərini müəyyənləşdirir. Hər bir meşədə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin olunur. Ümumən meşələrdə yanğın təhlükəsizliyinin təşkilinə görə meşə mühafizəsi və bilavasitə müəssisələri məsuliyyət daşıyır. Meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təşkil olunmalı və rejimin tələblərinə xüsusi riayət edilməlidir. Meşələrdə nəzarət işini həyata keçirən müvafiq qurumların işçiləri mütəmadi olaraq yanğın təhlükəsizliyi barədə bilikləri artırılmalıdır. Onlar yanğısöndürmə avadanlıqlarından istifadəni düzgün şəkildə bilməlidirlər. Meşələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsinin istiqamətində xüsusi təhükəsizlik nişanları mövcud olmalıdır. Meşələrdə istirahət edən insanlar həmin təhlükəsizlik nişanlarının və qaydaların tələblərinə əməl etməlidirlər. Meşələrdə süni su mənbələri mövcud olmalıdır. Meşələrdə və meşə zolaqlarında müvəqqəti tikililərin inşa olunması yolverilməzdir. Meşə sahələrində söndürülməmiş kibrit, yanan siqaret qalığının atılması yolverilməz hesab olunur ki, bir çox ölkələrdə baş verən yanğın hadisələri də belə kiçik davranışlardan qaynaqlanır. Yanğın hadisəsi ilə qarşılaşdıqda tez bir zamanda yanğındna mühafizə orqanlarına xəbər verilməli və yanğının dəqiq yeri, orada insanların mövcudluğu ilə bağlı məlumat ötürülməlidir. Məsul şəxslər gələnə qədər mövcud olan vasitələrlə yanğının söndürülməsini təşkil etmək lazımdır”.
O.Musayev qeyd edib ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilib:
“Belə ki, odun və ya odla ehtiyatsız davranış nəticəsində meşənin məhv edilməsinə və ya qismən yandırılmasına və yaxud meşələrdə təyin olunmuş qaydaların pozulmasına görə vətəndaşlarlar və vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müvafiq məsuliyyət daşıyırlar. Meşələrdə baş verən hadisələrə görə cərimə edilmək şəxsi məsuliyyətdən tam xilas etmir. Cərimə ödəməklə bərabər meşəyə dəymiş ziyan da tam ödənilməlidir. Normativ tələblərə uyğun meşələrin mühafizəsi və bərpası müəssisələrində öz öhdəliklərində yanğı söndürmə texnikası, avtomobilləri və avadanlıqları mövcud olmalıdır ki, hər hansısa hadisə baş verdikdə müdaxilə etmək mümkün olsun”.
“Hazırda yanğının səbəbləri ilə bağlı rəsmi istintaq və ekspertizalar aparılır. Qəsdlə törədilmə və ya texniki səbələrdən qaynaqlanması faktları araşdırılır. Ekspert olaraq mənim vəzifəm faktlara əsasən danışmaqdır. Bu səbəbdən sübut olmadan qəsdlə törədilmə barədə danışmaq düzgün olmaz. Son qərarı yalnız nəticələrdən sonra vermək mümkündür”,-mütəxəssis əlavə edib.
Firuzə Əliyeva
Sfera.az






