Azərbaycan bu il hansı ölkəyə nə qədər yardım ayırıb?

Azərbaycan 2025-ci ildə digər ölkələrə və beynəlxalq qurumlara ayıracağı maliyyə dəstəyini artırmaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, dövlət büdcəsində əvvəlcə 10 milyon manat həcmində yardım planlaşdırılsa da, son qərara əsasən bu rəqəm 24 milyon manata yüksəldilib.
Yardım paketinə müxtəlif beynəlxalq təşkilatlara ödənişlər daxildir. Onların arasında Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT qurumları, Türk Dövlətləri Təşkilatı və İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı da var.
Azərbaycan həmçinin bir sıra ölkələrə humanitar və inkişaf dəstəyi göstərməkdə davam edir. Xüsusilə Ukraynaya indiyədək 70 milyon manatlıq yardım ayrılıb, cari ildə isə əlavə olaraq 1 milyon ABŞ dolları dəyərində elektrik avadanlıqları göndəriləcək. Bununla yanaşı, Tonga ilə bağlanmış razılaşmaya görə, 5 il ərzində 10 milyon dollarlıq iqlim dəstəyi təqdim ediləcək.
Bundan başqa, yardımlar Bosniya və Herseqovina, Çili, Kolumbiya, Kuba, Albaniya, Tacikistan, Yəmən və digər dövlətləri də əhatə edir.
Fidan Hacızadə
Sfera.az






