Bakıda bu parkda ilan, zərərli həşəratlar var - Tədbir görülmür?

Paytaxtın ən çox ziyarət olunan istirahət yerlərindən biri olan Mərkəzi Nəbatat Bağında son günlər müşahidə olunan xoşagəlməz hallar sakinlərin narazılığına səbəb olub.
Ziyarətçilər bildirirlər ki, xüsusən piknik üçün nəzərdə tutulmuş ərazilərdə naməlum cücülərin dişləməsi nəticəsində həm uşaqların, həm də yaşlıların bədənlərində qızartı və səpgilər yaranır. Şikayətçilərin sözlərinə görə, bu haldan ən çox uşaqlar əziyyət çəkirlər.
Məsələ ilə bağlı Nəbatat Bağından verilən açıqlamada isə qeyd olunub ki, ərazidə cari işlər çərçivəsində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklərə və həşəratlara qarşı mütəmadi olaraq dezinfeksiya tədbirləri görülür. Bildirilir ki, istifadə edilən insektisid və fungisidlər insan sağlamlığına zərərsizdir.
Qeyd edək ki, iyulun 29-da bağ ərazisində daha ciddi bir hadisə də yaşanıb – 7 yaşlı uşağı ilan sancıb. Bu isə ziyarətçilərin narahatlığını daha da artırıb.
Maraqlı məqam budur ki, dünyanın müxtəlif ölkələrində də oxşar parklar mövcuddur və həmin məkanlarda daha çox müxtəlif heyvan və həşəratlarla qarşılaşmaq mümkündür. Azərbaycanda isə paytaxtda bir çox park fəaliyyət göstərsə də, məhz Nəbatat Bağında bu cür hadisələrin tez-tez yaşanması suallar doğurur.
Görəsən, bu hallar təbii proses kimi qiymətləndirilməlidir, yoxsa ərazidə lazımi qoruyucu tədbirlər yetərincə həyata keçirilmir? Ümumiyyətlə, belə parkların təhlükəsizlik və sanitariya baxımından necə qorunmalıdır?
Sfera.az-a açıqlama verən təhlükəsizik üzrə ekspert Orxan Musayev bildirib ki, təbiətdə ilan da, həşərat da var, bu qaçılmazdır, əsas məsələ park rəhbərliyinin bu reallığı necə idarə etməsidir.

Ekspert nəzərə çatdırıb ki, dünyanın hər yerində botanika bağları, böyük parklarda canlı müxtəliflik mövcuddur, lakin orada həm ziyarətçi təhlükəsizliyi, həm də ekoloji balansı qorumaq üçün xüsusi protokollar tətbiq olunur.
Onun sözlərinə görə, əgər Bakıda konkret olaraq Mərkəzi Nəbatat Bağında insanlar hər getdiyində həşərat dişləməsi, ilan sancmasından danışırsa, deməli məsələ təbiətin qanunu ilə yox, idarəçilik boşluğu ilə bağlıdır:
“Təhlükəsizlik elə bir sahədir ki, sadəcə “iş apardıq” deməklə məsələ bitmir, effekt yoxdursa, demək ki, tədbir düzgün aparılmır. Həşəratlara qarşı istifadə olunan dərman vasitələrinin mütəmadiliyi, dozası və əhatə dairəsi düzgün seçilməsə, nəticə bəzən sıfıra yaxın ola bilir. İnsanları həşəratlarla bağlı məlumatlandırmaq üçün sadə lövhələr quraşdırmaq olar. Bu, elə böyük xərc tələb etmir.
Əgər bağın içində kiçik uşağı ilan sancırsa, bu ciddi məsələdir, deməli əraziyə giriş nəzarəti yoxdur. İlanların bağa daxil olması mümkündürsə, bu, fiziki baryerlərin zəifliyinin göstəricisidir”.
O.Musayev qeyd edib ki, bu kimi halların qarşısını ala bilmək üçün xüsusi tədbirlər görülməlidir:
“Dünyanın aparıcı parklarında zoobioqrafik xəritələşmə aparılır. Yəni hansı canlıların həmin ərazidə olma ehtimalı öncədən müəyyənləşdirilir və sonra qoruyucu tədbirlər planı qurulur. Belə ərazilərdə ilkin tibbi yardım məntəqəsi mütləq fəaliyyət göstərməlidir. Hadisə baş verən kimi ziyarətçiyə dəqiq müdaxilə olunmalıdır, əks halda hər an faciə qaçılmazdır. Nəbatat Bağı sadəcə bir park deyil, ölkənin ən çox ziyarət olunan istirahət məkanlarından biri hesab olunur. Belə yerdə mütəmadi monitorinqlər aparılması, sanitayira zonalarının qorunması, ot örtüyünün vaxtında biçilməsi, su bataqlıq erlərinin qurudulması vacibdir. Bunlar həm də həşəratların çoxalması və ilanların gəlişinin qarşısını ala bilər. Bundan əlavə olaraq, ziyarətçilərin maarifləndirilməsi də çox önəmlidir. Bu barədə də mütəmadi olaraq Bağ əməkdaşları tərəfindən işlər aparılmalıdır, rəhbərliyin də xüsusi nəzarəti olmalıdır”.
Firuzə Əliyeva
Sfera.az





