Xərçəng uzun illərdir ki, bütün dünyanın ciddi problemi olub. Zaman keçdikcə xəstəlik daha geniş yayılır. Beynəlxalq xərçəng mütəxəssisləri onun müalicəsini tapmaq üçün müxtəlif tədqiqatlar aparırlar.
Ekspertlər ilkin mərhələdə xərçəngdən qorunmaq üçün sağlam həyat tərzi və düzgün vərdişlərin vacibliyini vurğulayırlar.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, xərçəng riskini azaltmaq üçün qidalanma, fiziki aktivlik və müntəzəm müayinələr əsas amillərdəndir.
Qidalanmada tərəvəz, meyvə, tam taxıllar və lifli qidaların üstünlük təşkil etməsi tövsiyə olunur. Eyni zamanda, qırmızı və emal olunmuş ətlərdən, şəkərli içkilərdən və sürətli karbohidratlardan uzaq durmaq xərçəng riskini azaldır. Bitki mənşəli yağların istifadəsi isə daha faydalıdır.
Fiziki aktivlik də həyati əhəmiyyət daşıyır. Həftədə ən az 150 dəqiqə orta intensivlikdə məşq etmək və oturaq həyat tərzindən qaçmaq tövsiyə olunur.
Mütəxəssislər həmçinin siqaret və alkoqol istifadəsindən imtina etməyi, günəşdən qorunmaq üçün krem və qoruyucu geyimlərdən istifadəni, eləcə də HPV və Hepatit B kimi vaksinasiyaları tövsiyə edirlər.
Stress və yuxu rejiminin də xərçəng riskinə təsir etdiyi bildirilir. Uzunmüddətli stress və yuxu çatışmazlığı immuniteti zəiflədərək xəstəliklərin riskini artırır.
Ekspertlər həmçinin kimyəvi maddələrdən uzaq durmağın, toksik havadan qorunmağın vacibliyini qeyd edirlər.
Fidan Hacızadə
Sfera.az