“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsi uğurla yekunlaşdı - FOTOLAR

Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə rəsmi olaraq start verib və layihə uğurla başa çatıb.
Sfera.az xəbər verir ki, cari ilin 1-3 avqust tarixlərində Bakı şəhərində keçirilən tədbirə 50-yə yaxın iştirakçı qoşulub. Onlar şəhər mühitində təhlükəsiz və dayanıqlı mobillik, yol hərəkəti qaydaları və ekoloji davranış vərdişləri ilə bağlı maarifləndirici sessiyalarda iştirak ediblər.
Layihə çərçivəsində hazırlanmış maarifləndirici videoçarxın təqdimatı keçirilib.
Videoçarxın məqsədi şəhər sakinlərini alternativ və ekoloji nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə təşviq etmək, yaşıl nəqliyyat infrastrukturunun əhəmiyyətini və bu sahədəki müsbət dəyişiklikləri geniş ictimaiyyətə çatdırmaqdır. Çarxda Bakı şəhərinin velosiped yolları, xüsusi dayanacaqlar, işıqlandırma sistemləri və təhlükəsiz hərəkət şəraiti nümayiş olunur. Müxtəlif yaş təbəqələrini təmsil edən velosipedçilər – Paşa Məmmədov, Səhər Mehman, Vüqar Salahov və Musa Mikayılzadə – velosipedin gündəlik həyat və sağlamlıq üçün faydalarından danışıblar. Onlar infrastrukturun inkişafı ilə bağlı müsbət dəyişiklikləri vurğulayaraq hər kəsi velosiped sürməyə və yaşıl həyat tərzini seçməyə çağırıblar.
Videoçarxın hazırlanmasında layihə rəhbəri İmaməddin Quliyev, ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissor Emil Babayev, operator Vüqar Şıxəliyev və montaj üzrə mütəxəssis Əli Məmmədov iştirak ediblər.
Layihənin yekunu olaraq, iştirakçılar Bakı şəhərinin mərkəzində velosipedlərindən istifadə etməklə qısa məsafəli veloyürüş ediblər. Veloyürüş şəhər sakinlərinin böyük marağına səbəb olub və ictimaiyyətin diqqətini ekoloji nəqliyyat vasitələrinin əhəmiyyətinə yönəldə bilib.
Bu təşəbbüs BMT-nin Davamlı İnkişaf Məqsədlərindən – 3-cü (Sağlamlıq və rifah), 11-ci (Davamlı şəhərlər və icmalar) və 13-cü (İqlim dəyişikliyi ilə mübarizə) məqsədlərə birbaşa töhfə verir. Eyni zamanda, Azərbaycan Respublikasının COP29 tədbirinə ev sahibliyi etdiyi və 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində reallaşdırdığı yaşıl təşəbbüsləri dəstəkləyir.
“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinin əsas məqsədi – velosiped nəqliyyatının təşviqi vasitəsilə ətraf mühitin mühafizəsinə töhfə vermək, əhalinin ekoloji maarifləndirmə səviyyəsini artırmaq və sağlam həyat tərzinin təbliğini gücləndirməkdir.