Kondisionerin tarixi: Yaş əskidən sensor ekrana uzanan yol...

Son bir ayda havalar olduqca isti keçir. Temperatur iqlim normasını üstələyir, rütubət isə həddən artıq yüksək olur. Belə şəraitdə kondisionersiz yaşamaq demək olar ki, mümkünsüzdür. Kondisionerin kəşfi isə insanların həm məişət, həm də iş həyatını asanlaşdıran ən mühüm yeniliklərdən biri hesab olunur.
Sfera.az xəbər verir ki, müasir həyatın ayrılmaz hissəsinə çevrilmiş kondisionerin tarixi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Havanın soyudulması və tənzimlənməsi ideyası ilk dəfə qədim dövrlərdə ortaya çıxsada, müasir kondisionerin əsası 1902-ci ildə amerikalı mühəndis Villis Haviland Karyer tərəfindən qoyulub.
Tarixi mənbələrə görə, hələ min illər əvvəl Misirdə insanlar evlərini sərinlətmək üçün pəncərələrə yaş parçalar asır, Romada isə su boruları vasitəsilə otaqlara sərinlik gətirilirdi. 18-ci əsrdə Bencamin Franklin və Con Hedli havanın buxarlanma yolu ilə soyudula biləcəyini sübut etmiş, 1820-ci ildə isə Maykl Faraday amonyak qazının sıxılıb buxarlandıqda istiliyi udduğunu kəşf etmişdi.
Ancaq bu kəşflər yalnız elmi əsaslar yaratmışdı. Həqiqi inqilab isə Villis Karyerin hazırladığı ilk praktik kondisionerlə başladı. Onun sistemi əvvəlcə Nyu-Yorkdakı bir çap fabrikində rütubəti və temperaturu sabit saxlamaq üçün quraşdırılmışdı. Daha sonralar bu cihaz mağazalarda və kinoteatrlarda istifadə olunmağa başladı.
1950-ci illərdən sonra kondisionerlər artıq məişətə daxil olaraq sürətlə yayıldı. Müasir dövrdə isə bu cihazlar yalnız soyutma deyil, həmçinin qızdırma, havanı təmizləmə və enerji qənaəti funksiyaları ilə də diqqət çəkir.
Mütəxəssislər Karyeri “kondisionerin atası” adlandırır və onun ixtirasını dünyanın ən böyük texnoloji yeniliklərindən biri hesab edirlər.
Fidan Hacızadə
Sfera.az