Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.
Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.
1919-cu ilin yayında ingilislər Bakını tərk etdikdən sonra şəhər limanının idarəsi və hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinə təhvil verilib. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunmuşdur. Azərbaycan hökumətinin bu addımı ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm rol oynayıb.
1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun rəhbərlik etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu və simsiz teleqraf qurğuları alıb.
Azərbaycan hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılmasına kömək etmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət edib. "Astrabad", "Qars" və "Ərdəhan" hərbi gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırılıb.
Lakin aprel işğalı nəticəsində hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları həyata keçirilməyib. Bolşeviklərin gəlişi ilə Azərbaycan Hərbi Donanması ləğv olunub.
SSRİ-nin dağılması ilə Azərbaycanda hərbi-dəniz donanmasının yaradılması üçün şərait yaranıb. 1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası təsis olunub. Xəzər Hərbi Dəniz Donanmasının 25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının tabeçiliyinə verilib.
1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb. Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur. Bu gün, Azərbaycanın hərbi donanmasının tarixini, nailiyyətlərini və gələcək perspektivlərini xatırlamaq və təqdir etmək üçün xüsusi əhəmiyyət kəsb edir