Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif İmran oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

 

Sfera.az xəbər verir ki, nekroloqun mətnində deyilir:

 

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

 

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

 

Əmək fəaliyyətinə hələ tələbə ikən - 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

 

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

 

Arif Babayevin yüksək məharətlə ifa etdiyi "Qarabağ şikəstəsi", "Segah", "Çahargah", "Rast", "Şur", "Bayatı-Şiraz" və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

 

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

 

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət", 2008-ci ildə "İstiqlal" və 2018-ci ildə "Şərəf" ordenləri, 2023-cü ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

 

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov".


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...