Hakim olmaq istəyənlərin nəzərinə - Qaydalar sadələşdirilib

Hakim olmaq istəyənlərin nəzərinə - Qaydalar sadələşdirilib

Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilik səviyyəsində zəruri dəyişikliklərə yol açır.

 

Sfera.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu kontekstdə diqqətçəkən əsas yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir.

 

Belə ki, əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib.

 

Hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib.

 

Eyni zamanda hazırkı çevik prosedurlara görə, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyinatdan dərhal sonra təlimə cəlb edilirlər. Halbuki əvvəllər təyinatdan öncə uzunmüddətli tədris kurslarında iştirak etməli idilər.

 

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hakimliyə namizədlər imtahanlarda yığdıqları balların cəminə görə sıralanır və artıq ərazi üzrə işləmək istədikləri məhkəmələri özləri seçirlər. Bu isə onu göstərir ki, artıq hakim seçimi daha ədalətli və şəffaf qaydalarla aparılır.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR