Azərbaycanda bu xəstəliyə tutulanların sayı artdı – Həyəcan təbili…

Həkim, kardioloq, endokrinoloq Zaur İslamov Azərbaycanda şəkərli diabet xəstələrinin sayının artması faktı ilə bağlı müsahibə verib.
Sfera.az “Yeni Sabah”a istinadla həmin müsahibəni təqdim edir:
- Şəkərli diabet nədir və əsasən nədən yaranır?
- Şəkərli diabet qanda şəkərin, yəni qlükozanın miqdarının daimi olaraq normadan yüksək olması ilə xarakterizə olunan xroniki bir metabolik xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Diabetin artmasında həm dünyada, həm də Azərbaycanda ümumi tendensiya var. Burada əsas faktorlar arasında laborator diaqnostikanın yaxşılaşması, insanların daha uzun ömür sürməsi və piylənmənin artması mühüm rol oynayır. Xüsusilə artıq çəkili insanların çoxalması 2-ci tip diabetin yayılmasına təsir edir. Pepperoni pizza
- Piylənmə və artıq çəki şəkərli diabetlə necə əlaqəlidir?
- Piylənmə və artıq çəki birbaşa 2-ci tip şəkərli diabetin inkişafında mühüm rol oynayır. Bu isə daha çox həyat tərzimizin dəyişməsi, hərəkətsizliyin artması və ucuz, eyni zamanda kalorili qidaların bol olması ilə bağlıdır. Müasir insan daha az hərəkət edir, daha çox oturaq həyat sürür və bu da metabolik pozğunluqlara səbəb olur.
- 1-ci və 2-ci tip şəkərli diabet arasında fərq nədir?
- Əsas fərq ondan ibarətdir ki, 1-ci tip diabet zamanı orqanizm ümumiyyətlə insulin ifraz etmir. Bu səbəbdən qlükoza qandan hüceyrələrə keçə bilmir və qanda yüksək şəkər səviyyəsi yaranır. Bu tip diabetin müalicəsində dərhal insulin istifadə olunur. 2-ci tip diabetdə isə orqanizm insulin ifraz edir, amma qəbul edilən qidanın miqdarı çox olduğuna görə və bəzən də hüceyrələr insulini "tanımadığı" üçün şəkər yüksək qalır.
- 2-ci tip diabetin əsas səbəbləri nədir?
- 2-ci tip diabet daha çox həyat tərzi və qidalanma ilə bağlıdır. Hipodinamiya, yəni fiziki hərəkətsizlik, həddindən artıq yemək, qeyri-sağlam qida vərdişləri, artıq çəki və insulinə qarşı müqavimət (insulinrezistentlik) bu tip diabetin əsas səbəbləridir. Bu növ diabetin qarşısını almaq həyat tərzini dəyişməklə mümkündür.
- Hansı diabet növü daha geniş yayılıb və niyə?
- Ən geniş yayılmış növ 2-ci tip, yəni insulindən asılı olmayan şəkərli diabetdir. Bunun əsas səbəbi müasir həyatın gətirdiyi vərdişlərdir: hərəkətsizlik, düzgün olmayan qidalanma və artan piylənmə halları. Cəmiyyətimizdə bu faktorlar getdikcə artır və bu da 2-ci tip diabetin daha geniş yayılmasına gətirib çıxarır.