XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı bu gün başlayır

Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.
Sfera.az xəbər verir ki, festival Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə həyata keçirilir.
Festivalda ölkənin ən sevilən klassik musiqi ustaları Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Yusif Eyvazov və Azərbaycanın digər Xalq və Əməkdar artistləri iştirak edəcək.
Xatırladaq ki, bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd olunur. Məhz bundan irəli gələrək XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilmək məsuliyyətini öz üzərinə götürüb və tədbirin təntənəli açılışı da Üzeyir bəyin “Cəngi” əsəri ilə başlayacaq.
Bununla yanaşı, görkəmli musiqi xadimləri Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd ediləcək.
İyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.
Qeyd edək ki, 2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq 14 ildir ki, dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür. Bu il festival bir ilkə də imza atıb. Adətən yalnız yay aylarında keçirilən musiqi tədbiri fevral ayında “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təqdimatı ilə də sənətsevərləri sevindirib. Ənənəyə uyğun həm də yay fəslində təşkil edilən bu beynəlxalq mədəniyyət tədbiri də parlaq ifalarla yadda qalacağını vəd edir.
Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.
Festivalın proqramını təqdim edirik: