Azərbaycan Qırğızıstanda uşaq xəstəxanası tikəcək

Azərbaycanın dəstəyi ilə Qırğızıstanda uşaq xəstəxanası tikiləcək.
Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin işlər müdiri Kanıbek Tumanbayev yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və dəstəyi ilə Bişkekdə daha bir müasir xəstəxananın tikintisinə yaxın vaxtlarda başlanılacaq.
Qırğızıstan rəsmisi bildirib ki, layihənin ilkin olaraq İssık-Kulda həyata keçirilməsi nəzərdə tutulsa da, lakin Qırğızıstan Prezidentinin Azərbaycana işgüzar səfərindən sonra tikintinin paytaxtda aparılması barədə qərar qəbul edilib. Artıq lazımi avadanlıqla tam təchiz olunacaq xəstəxananın hazırlıq işlərinə başlanılıb.
K. Tumanbayev uşaq xəstəxanasının Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana hədiyyəsi olduğunu vurğulayıb.