Ölümləri ilə tarix yazan jurnalistlərimiz: "Efirdə görüb dedi ki, atamın mindiyi maşın partladı"

Milli Mətbuat Günündə canlarını Vətən yolunda qurban verən jurnalistlərimiz - Salatın Əsgərova, Məhərrəm İbrahimov və operator Sirac Abışov dərin ehtiramla yad edilirlər.
Onların yaxınları qəhrəmanlarımızla bağlı xatirələrini Baku TV ilə bölüşüblər.
Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasını belə xatırlayır:
"O, çox ədalətli bir insan idi və həmişə ədalət axtarışında idi. Yəqin ki, bu axtarışı onu mətbuata gətirdi. O zaman 6 yaşım var idi. Anam tez-tez cəbhə bölgəsinə yollanırdı. Hər gün cəbhədən pis xəbərlər gəlirdi, ona görə də babam çox narahat idi, ona deyirdi ki, getmə. Hər dəfə "bu, sonuncu dəfə olacaq, bir daha getməyəcəyəm" vədini versə də, hamının gözünü yolda qoyub getdi".
2021-ci ildə Kəlbəcər istiqamətində mina partlayışı nəticəsində şəhid olan jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov onun Milli Mətbuat Günü ərəfəsində yad edilməsindən qürurla danışır:
"150 illik yubileyin içində Məhərrəmin də adının olması, şəhid jurnalist kimi anılması, gizli qəhrəman kimi fəaliyyəti bizi sevindirir. Hər dəfə onu danlayırdım ki, uşaqlarını böyüt, ondan sonra yenə gedərsən".
Operator Sirac Abışovun anası Azadə Səmədova isə oğlunun son səfərini belə xatırlayır:
"Vətənini, peşəsini ailəsindən də çox sevirmiş. Ailəsini, körpə balasını qoyub Qarabağa, öz peşəsinin dalınca getdi. Evdə yoldaşına, atasına dedi ki, ikihəftəlik gedirəm. Sonra sənədini mənə göstərəndə gördüm ki, müqaviləyə çəkilişlər bitənə qədər könüllü qol çəkib.
Sirac şəhid olanda onun oğlu çox balaca idi. Ötən il onların ölüm ildönümlərində oğlu onunla bağlı süjet görüb. Əmisi uşaqlarına deyib ki, "atamın mindiyi maşın partladı".
Daha ətraflı süjetdə: