“TikTok”un yeni versiyası hazırlanır

Çinin texnologiya şirkəti “ByteDance”sentyabrın 5-də “TikTok”un ABŞ-yə xüsusi yeni versiyasını istifadəyə verəcək.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəyişiklik ABŞ hökumətinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yeni proqram “M2” adlanır. Hazırda istifadə olunan “TikTok” tətbiqi həmin gün ABŞ endirmə platformalarından silinəcək. İstifadəçilərdən yeni versiyanı yükləmələri xahiş olunacaq.
ABŞ-dəki istifadəçilər 2026-cı ilin mart ayına qədər bu yeni versiyaya keçməlidirlər. Əks halda, köhnə “TikTok” tətbiqi həmin tarixdən sonra işləməyəcək.
“Apple”ın qaydalarına görə, eyni tətbiqin müxtəlif ölkələr üçün ayrıca versiyalarını bir proqramda yerləşdirmək mümkün deyil. Buna görə “TikTok” yeni versiyanı ayrıca proqram kimi təqdim edəcək.
Yeni versiyada istifadəçi məlumatları yalnız ABŞ daxilində saxlanılacaq.
Bu addım ABŞ Konqresinin qərarından sonra atılıb. Qərara əsasən, “TikTok”un Çin şirkəti olan “ByteDance”dən ayrılması və ABŞ şirkətləri tərəfindən idarə olunması tələb olunur. Yeni versiyanın Oracle daxil olmaqla ABŞ-lı tərəfdaşlar tərəfindən idarə olunacağı gözlənilir.
Fidan Hacızadə
Sfera.az