Tək gecəsi 2000 manat...- Rayonlarda hotellərin QİYMƏTLƏRİ BELƏDİR

Tək gecəsi 2000 manat...- Rayonlarda hotellərin QİYMƏTLƏRİ BELƏDİR

Yay mövsümünün başlanması ilə Azərbaycanın əsas turizm bölgələrində – Şahdağ, Quba, Qusar, Xaçmaz və İsmayıllıda yerləşən hotellərin qiymətləri ciddi şəkildə artıb. Həm yerli, həm də xarici turistlərin axını, eləcə də mövsümi tələbat fonunda otellərdə gecələmə qiymətləri 50 manatdan başlayaraq 2000 manata qədər yüksəlir.

 

Sfera.az xəbər verir ki, bölgələr üzrə qiymət artımı fərqli səviyyədə olsa da, xüsusilə də 5 ulduzlu və lüks kateqoriyalı otellərdə bahalaşma nəzərəçarpacaq dərəcədədir. Dağ və dəniz turizmi ilə seçilən bu bölgələrdə ən çox müraciət olunan otellər arasında Şahdağdakı "Shahdag Hotel & Spa", "Pik Palace" və "Park Chalet" kimi dünya standartlı otellər, Qubada isə "Quba Palace Hotel" yer alır.

 

 

Şahdağ Turizm Kompleksində yerləşən "Shahdag Hotel & Spa" hazırda bir gecə üçün 150 manatdan başlayan qiymətlərlə xidmət göstərir. Otel SPA mərkəzi, restoran və geniş xidmət spektri ilə seçilir. Eyni bölgədə yerləşən "Pik Palace" və "Park Chalet" otellərində də qiymətlər 150–200 manat arasında dəyişir. Bu otellər həm dizayn, həm də təqdim etdiyi komfort baxımından premium seqmentə aiddir. Nisbətən daha münasib qiymət axtaran turistlər isə "Zirvə Hotel"ə üz tutur. Burada gecələmə 90–150 manat arasında dəyişir.

 

 

Quba bölgəsində qiymətlər daha da yüksəkdir. Regionun ən bahalı oteli sayılan "Quba Palace Hotel & Golf Resort"da bir gecəlik qalmaq üçün təqribən 415 manat tələb olunur və hoteldə ən yüksək məbləğ 2090 AZN-ə təklif olunan "Atropatena Villası"na aiddir. Bu otel golf meydançası, SPA və fərdi xidmətləri ilə diqqət çəkir. Eyni zamanda, Qubada yerləşən "Macara Lake Park" otelində qiymətlər 200–300 manat arasında dəyişir. "Quba Vadi Chalet Hotel" və "Villa Lux" kimi daha sakit, lakin komfortlu variantlar isə 150–310 manat civarında xidmət göstərir.

 

Qusar bölgəsində də son illər turizm baxımından inkişaf müşahidə olunur. Burada yerləşən "Deluxe Park Qusar Resort & Spa" otelində gecələmə qiyməti 160 manatdan başlayır.  Bu, ailəvi istirahət üçün daha uyğun və büdcəyə qənaətli variant hesab olunur. "Ilk Inn Hotel" isə daha sadə şəraiti və şəhər mərkəzinə yaxınlığı ilə seçilir. Burada bir nəfər üçün tək gecəlik otaq qiyməti 161 manatdan başlayır.

 

 

Xaçmaz və Nabran bölgələri yay aylarında dənizkənarı istirahətə üstünlük verən turistlərin əsas seçimi olaraq qalır. Burada yerləşən dəniz mənzərəli otellər və villalarda qiymətlər 200–400 manat arasında dəyişir. Orta səviyyəli otellərdə isə bu məbləğ 50–120 manat arasında dəyişir.

 

İsmayıllı bölgəsində yerləşən otellər dağ havası və təbiət mənzərəsi ilə seçilir. Bu bölgədə yerləşən butik və dağ otellərində gecələmə qiymətləri 120–250 manat arasında dəyişir. Sakitlik və təbiətlə təmasda olmaq istəyən turistlər üçün İsmayıllı yay aylarında ideal istiqamət hesab olunur.

 

Ümumiyyətlə, yay aylarında ölkədə daxili turizmə maraq xeyli artır. Bu isə hotellərdə yer tapmağı çətinləşdirir. Lüks və orta səviyyəli otellərdə erkən rezervasiya edənlər daha sərfəli qiymətlərlə istirahət edə bilər. Gec qərar verənlər isə ya yüksək məbləğ ödəməli, ya da istədiyi yerdə yer tapmaqda çətinlik çəkə bilər.

 

Qiymət artımının səbəbləri arasında təkcə turizm axını deyil, eyni zamanda inflyasiya, xidmət xərclərinin yüksəlməsi və otellərin öz bazar mövqeyini qorumaq məqsədi ilə tətbiq etdiyi mövsümi tarif siyasəti dayanır. Turizm bölgələrində fəaliyyət göstərən hotellər müxtəlif paketlər və xidmətlər təklif etsə də, qiymətlərə daxil olan imkanlar ciddi fərqlənə bilər. Bəzilərində səhər yeməyi və SPA xidməti daxil olduğu halda, digərlərində bu xidmətlər əlavə ödənişlə təqdim olunur.

 

Bu yay Azərbaycanda istirahət etmək istəyən vətəndaşlar geniş seçim imkanlarına malikdirlər. Lakin qiymətlər ciddi şəkildə artdığı üçün istirahət planlarını əvvəlcədən müəyyənləşdirmək və erkən rezervasiya etmək tövsiyə olunur. Lüks istirahət üçün büdcəsi geniş olanlar1000 manatdan yuxarı məbləğlərlə istirahət edə bilərlər, lakin daha qənaətcil seçimlər axtaranlar üçün də 60–150 manat arasında münasib otellər mövcuddur.

 

Firuzə Əliyeva
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR