Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.
Sfera.az xəbər verir ki, görüş çərçivəsində Milli Aviasiya Akademiyası (MAA) ilə Ədliyyə Nazirliyi arasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək birgə işlər və digər tərəfdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə MAA ilə Nazirlik arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumda MAA-da hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Nazirliyin struktur bölmələrində təcrübə keçmələri və könüllü fəaliyyətə cəlb olunmaları, nazirliyin əməkdaşlarının MAA-da hüquqşünasların hazırlığı prosesində iştirak etmələri, hüquq elminin inkişafına yönəlmiş birgə təkliflərin hazırlanması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Görüşdə akademik Arif Mir Cəlal oğlu Paşayev və nazir Fərid Əhmədov tərəfindən bir qrup tələbəyə − Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində (“Leiden-Sarin International Air Law Moot Court Competition”) MAA-nı təmsil etmiş və yarımfinala yüksəlmiş Amal Əhmədova, İlahə Səmədovaya, Rəsul Əliyevə, həmçinin Azərbaycanın Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” təşkilatı tərəfindən təşkil olunmuş “DİVAN” Milli Məhkəmə Simulyasiyasında l yerə layiq görülmüş Həmayil Sadıqovaya, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr olunmus “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında III yerə layiq görülmüş Həliməxatun İsmayılovaya təşəkkürnamələr təqdim edilib.