O axund niyə tutulmur?

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Əliqan oğlu Tahirov qəsəbədən 16 yaşlı qızı qaçırması ilə ittiham olunub.
Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar. Daha sonra qız açıqlama verərək öz istəyi ilə getdiyini deyib. Həmçinin, T.Tahirov da qızı bəyəndikdən sonra elçi göndərdiyini və qızın ailəsinin "Boşanmışa qız vermərik" deyərək, imtina etdiyini bildirib. Hadisələrdən sonra o, qəsəbə məscidinin imam müavini vəzifəsindən azad edilib.
Məsələ ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Maraqlıdır, T.Tahirov niyə həbs olunmur? 16 yaşı qızın öz istəyi ilə qaçması onu məsuliyyətdən azad edirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, bu hadisədə cinayət əməli yoxdur.
Onun sözlərinə görə, qız özü getdiyini deyirsə, adam oğurluğundan söhbət gedə bilməz.
Həmçinin, hüquqşünas vurğulayıb ki, cinsi əlaqə olsa da, qız 16 yaşı keçdiyi üçün axund haqqında bir tədbir görülməyəcək.
“Bu məsələdə hazırda cinayət tərkibi yoxdur. Görüntülər bunu deməyə əsas verir. Əgər başqa məsələ çıxarsa, onda işlər dəyişə bilər”,-M.Muradlı nəzərə çatdırıb.
Firuzə Əliyeva
Sfera.az