Manatın taleyi 9 gün sonra həll olunacaq
“Federal Ehtiyat Fondu dekabrın 18-də keçirəcəyi iclasda uçot dərəcəsini artırmayacaq”.
Bunu aznews.az-a iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Ekspert hesab edir ki, hazırda ABŞ iqtisadiyyatının müəyyən göstəriciləri uçot dərəcələrinin aartırılmasına imkan verir: “Lakin buna baxmayaraq, mətbuata açıqlamalar göstərir ki, FEF-nun komisiya üzvləri arasında iki fikirlilik var. Bu isə komissiyanın hansı qərar qəbul edəcəyini əvvəlcədən proqnozlaşdırmağa çətinlik yaradır. Amma inflyasiya səviyyəsinin aşağı olması və digər səbəblər onu sübut edir ki, uçot dərəcələri böyük ehtimalla artırılmayacaq”.
Ekspertin sözlərinə görə, milli valyutanın taleyi ilə bağlı qərar Mərkəzi Bank tərəfindən verilir: “Əgər fond artım istiqamətində qərar verərsə bu, dünya birjalarında dolların möhkəmlənməsinə gətirib çıxaracaq. Təbii ki, bu, təsirlərdən biridir. Amma Azərbaycan iqtisadiyyatının öz daxili səviyyə balansından, ehtiyatların əriməsindən görünür ki, hökümət müəyyən qərarlar verməlidir. Bu qərarlar məzənnə və əvvəlki devalvasiyaya bənzər şəkildə də ola bilər. Dekabrın 18-ində FEF-nun verəcəyi qərar ilə Mərkəzi Bankın qəbul edəcəyi qərar arasında asılılıq çox azdır”.
R.Həsənov qeyd edib ki, FEF-nun qərarı yalnız bir şəkildə Mərkəzi Bankın qərarına təsir edə bilər: “Federal Ehtiyat Fondu dolların möhkəmlənməsi ilə bağlı qərar qəbul etsə, o zaman manata təzyiqlər arta bilər. Bu da Mərkəzi Bankın kəskin qərar verməsinə gətirib çıxara bilər.
Buna paralel olaraq onu da vurğulamaq lazımdır ki, hazırda Azərbaycanda manatın məzənnəsi yerli faktorlar səbəbindən maneələrlə üzləşib. Böyük ehtimalla 2016-cı ildə qəbul ediləcək qərardan asılı olaraq məzənnə yumşadılması siyasəti həyata keçiriləcək”.






