Bu ödənişlər artırılır - RƏSMİ

İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edəcək.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.
Təklif edilən dəyişikliyə əsasən, qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat miqdarında icra ödənişi alınacaq.
Mövcud qanunvericiliyə əsasən, qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə borclu fiziki şəxsdən 11 manat, borclu hüquqi şəxsdən isə 55 manat miqdarında icra ödənişi alınır.
Bundan əlavə, xidməti vəzifəsinin icrası ilə əlaqədar icra məmuru “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına mükafatlandırıla biləcək.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Bundan əlavə bildirək ki, icra məmurlarının sosial müdafiəsi üçün xüsusi xəzinə hesabından vəsait ayrılacaq.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının və xarici dövlətlərin məhkəmələrinin mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusların icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qәrarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan icra ödənişinin məbləği, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək.
Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az