Xatırladıqlarımızla birgə unutduqlarımız da bizi formalaşdırır

İsveçrənin Bern Universitetində aparılan tədqiqat yaddaşla bağlı maraqlı nəticələr ortaya qoyub.
Sfera.az xəbər verir ki, tədqiqatçılar 40 nəfərə 96 cüt insan siması və əşya şəkilləri göstərib, daha sonra həmin cütlüklərin uyğunluğunu test ediblər.
İştirakçılar cavablarını “xatırlayıram”, “əmin deyiləm” və “təxmin edirəm” kimi qiymətləndiriblər. “Xatırlayıram” deyənlərin cavab dəqiqliyi 87% olub. Ancaq “əmin deyiləm” deyənlər də 30 dəqiqə sonra 57%, 24 saat sonra isə 54% düzgün cavab veriblər. Bu, bəzi məlumatların şüursuz səviyyədə yadda qaldığını göstərir.
MRT görüntüləri göstərib ki, düzgün təxmin edənlərin hipokampus bölgəsində aktivlik müşahidə olunub. Bu da xatirələrin beyində qaldığını sübut edir. 24 saat sonra isə xatirələrin hipokampusdan neokorteksə keçdiyi və burada şüurlu yaddaşla əlaqələndiyi aşkarlanıb.
Kembric Universitetindən Emi Milton bu nəticələri yaddaşın formalaşması ilə bağlı “konsolidasiya nəzəriyyəsi” ilə əlaqələndirir: əvvəlcə hipokampusda yaranan yaddaşlar zamanla korteksə ötürülür.
“Bir yaddaşın davranışımıza təsir etməsi üçün onu şüurlu şəkildə xatırlamağa ehtiyac yoxdur”,- deyə bildirilib.
Bu araşdırma yaddaşın yalnız xatırladıqlarımızdan ibarət olmadığını, unudulmuş xatirələrin belə bizi formalaşdırdığını sübut edir.
Fidan Hacızadə
Sfera.az