İran-İsrail qarşıdurması dezinformasiyaları artırır: "Azərbaycan buna hazırlıqlı olmalıdır"

Bəzi KİV və sosial şəbəkələrdə Bakıya qarşı ittihamlar, iddialar yayılıb. İddialara görə guya Azərbaycan İsrail adından etnik azərbaycanlıları agent kimi cəlb edərək İranda yerləşdirib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən bununla bağlı açıqlama verərək bildirib ki, bu absurd və uydurma ittihamların reallıqla heç bir əlaqəsi yoxdur və məqsədli şəkildə dezinformasiyadan başqa bir şey deyil.
O əlavə edib ki, Azərbaycan bu cür saxta və əsassız bəyanatları qətiyyətlə rədd edir.
Maraqlıdır, bu şayiələri yayan kimlərdir və hansı məqsədlər güdürlər?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Asif Nərimanlı bu dezinformasiya axınını İran-İsrail müharibəsi fonunda Azərbaycan üçün əsas təhlükələrdən biri kimi qiymətləndirib.
Onun sözlərinə görə, belə iddiaların tirajlanmasında müxtəlif maraqlı tərəflər var:
"İran daxilində Azərbaycana qarşı mənfi münasibəti olan qruplar, Ermənistan mediası, eləcə də Qərbdə erməni lobbisinin təsir edə bildiyi media orqanları bu məsələdə maraqlıdır. Adətən bu cür dezinformasiyaların tirajlanmasında eyni taktikadan istifadə olunur. Belə ki, iddia əvvəlcə region, eləcə də Yaxın Şərq ölkələrində o qədər də populyar olmayan hansısa informasiya resursunda tirajlanır, daha sonra Qərb mediası “istinad” olaraq yayımlayır və beləcə kampaniyaya çevirirlər. Bununla bağlı konkret nümunə kimi 2019-cu ildə İranın proksi qüvvələrindən olan Haşdi Şabi qruplaşmasına zərbə endirən İsrail dronlarının Azərbaycan ərazisindən qalxdığına dair kampaniyanı yada salmaq olar. Bu iddia Yaxın Şərqdə o qədər də tanınmayan media resurslarında yayımlanmışdı, daha sonra Ermənistan mediası gündəmə gətirdi və Qərb mediasında “istinad”la tirajlandı".
A.Nəsimanlı nəzərə çatdırıb ki, İran-İsrail qarşıdurmasında Azərbaycana qarşı bu cür iddiaların tirajlanması gözləniləndir. O buna görə də dezinformasiya axınına qarşı Azərbaycanın hazırlıqlı olmasının vacib olduğunu vurğuladı.
Firuzə Əliyeva
Sfera.az