Süni intellekt bu yaş qruplarındakı uşaqlar üçün TƏHLÜKƏDİR

Son illər valideynlər uşaqları ilə gündəlik təmasda olan texnoloji köməkçilərdən “Siri”, “Alexa”, “ChatGPT” və digərlərindən istifadə edərək onlara məlumat öyrətməyə, suallarına cavab tapmağa və hətta əyləndirməyə çalışırlar. Lakin bu prosesdə insan ünsiyyətinə xas olan emosional geri dönüşlər, üz ifadələri, toxunuş, səs tonundakı dəyişikliklər kimi incə təfərrüatlar arxa plana keçir.
Sfera.az xəbər verir ki, Amerika Psixologiya Assosiasiyasının yayımladığı araşdırmaya əsasən, gündəlik həyatında daha çox süni intellektlə qarşılıqlı münasibətdə olan 3-7 yaşlı uşaqlarda empatiya qabiliyyəti daha zəif inkişaf edir. Tədqiqatçılar bildirirlər ki, bu uşaqlar həmyaşıdlarının duyğularını tanımaqda və uyğun reaksiyalar verməkdə çətinlik çəkirlər.
Harvard Universitetinin psixoloqu Liza Feldman Barrett bu barədə bildirib: “Empatiya yalnız danışıqla deyil, qarşılıqlı hisslər və bədən dili ilə öyrədilir. Süni intellekt isə bu cür təcrübələri simulyasiya edə bilmir”.
Ekspertlər hesab edir ki, süni intellektdən düzgün istifadə faydalı ola bilər. Lakin bu texnologiya heç bir halda real ünsiyyətin yerini tutmamalıdır. Uşaq psixoloqu Amanda Morqanın fikrincə, emosional və sosial bacarıqların formalaşması üçün uşaq valideyn və ya baxıcı ilə zaman keçirməlidir.
“Uşaqlar real emosiyaları müşahidə etdikcə və onlara cavab verdikcə empatiya inkişaf edir”, – deyə o bildirib.
Süni intellekt uşaqların inkişafında yeni imkanlar açsa da, emosional zəminli münasibətləri tamamilə əvəz edə bilmir. Uşaqların duyğusal dünyasını qorumaq və onların sosial bacarıqlarını gücləndirmək üçün texnologiya ilə insan arasında balans qorunmalıdır.
Fidan Hacızadə
Sfera.az