İstifadəçilər “TikTok”da orta hesabla 99 dəqiqə vaxt keçirir

Media Təhlil Mərkəzinin (MTM) “DataReportal”, “Statista”, “eMarketer”, “Meta”, “Pew Research Center”, “WeAreSocial”, “Oberlo” kimi etibarlı mənbələr və müxtəlif beynəlxalq bloqların 2024-cü ilin sonunda açıqladığı rəsmi rəqəmləri təhlil edərkən gəldiyi nəticəyə əsasən, dünyada gündəlik olaraq ən çox vaxt sərf edilən sosial şəbəkə “TikTok” olub.
Sfera.az xəbər verir ki, bununla bağlı “Təhlil.az” məlumat yayıb.
Rəqəmlərə əsasən, istifadəçilər gün ərzində orta hesabla 99 dəqiqə (1 saat 39 dəqiqə) məhz “TikTok”da vaxt keçirirlər. Maraqlıdır ki, son 10 ildə bu göstərici üzrə ən sürətli artımı məhz “TikTok” nümayiş etdirib.
Qeyd edək ki, 2016-cı ildə qlobal bazara daxil olan “TikTok” cəmi bir neçə il ərzində rəqiblərini geridə qoyaraq sosial media sektorunda liderliyə yüksəlib. Müqayisə üçün bildirək ki, platformanın 2016-cı ildəki orta gündəlik istifadə müddəti cəmi 21 dəqiqə idi.
“TikTok” liderliyi ələ keçirməzdən əvvəl bu göstəricilər üzrə “YouTube” birinci yerdə qərarlaşırdı. 2024-cü ildə “YouTube”un orta gündəlik istifadə müddəti 78 dəqiqə (1 saat 18 dəqiqə) təşkil edib. Bu nəticə kifayət qədər yüksək olsa da, 2020-ci ildəki pik göstərici olan 85 dəqiqədən (1 saat 25 dəqiqə) aşağıdır. Pandemiya dövründə evdə qalma zərurəti və onlayn kontentə olan marağın artması bu artımın əsas səbəbi kimi göstərilir.
Son illərdə sosial şəbəkə platformalarında qısa formatlı videolar – yəni "shorts" funksiyasına olan marağın artması da bu statistikalara təsirsiz ötüşməyib. Məhz bu formatın öncüllərindən biri olan “TikTok”un liderliyi ələ keçirməsi də bu kontekstdə daha aydın şəkildə izah olunur.
Digər maraqlı məqam isə “Telegram” platformasının son illərdə sürətli yüksəlişidir. 2015-ci ildə istifadəçilər bu tətbiqdə gündəlik orta hesabla 11 dəqiqə vaxt keçirirdisə, 2024-cü ildə bu göstərici artıq 50 dəqiqəyə yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə “Facebook”da gündəlik istifadə müddəti 56 dəqiqə, “Instagram”da isə 51 dəqiqə təşkil edib. Bu rəqəmlər “Telegram”ın artıq əsas rəqiblərinə çatmaqda olduğunu göstərir.