Bakıda əməliyyat keçirildi: 2 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə daxilində narkotiklərin yayılmasının qarşısı alınıb.
Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Qaradağ və Nərimanov rayonlarında aparılan əməliyyat zamanı əvvəllər məhkum olunmuş 32 yaşlı Orxan Kazımov və 31 yaşlı Sadıq Musayev saxlanılıblar.
Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişi ilə Astara və Lənkərandan paytaxta gətiriblər.
Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.