AYNA dəyişiklik etdi, yenə tıxac yarandı - VİDEO

AYNA Bakı şəhəri Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) hərəkətin təşkilində dəyişiklik edib.
Sfera.az xəbər verir ki, AYNA-nın etdiyi dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.
Qurum yaydığı açıqlamada bildirmişdi ki, bu addım “Gənclik Mall”un parkinqinə daxil olmaq istəyən minik avtomobillərinin avtobus zolağını zəbt etməsinin qarşısı alınacaq:
“Layihəyə əsasən “Gənclik Mall”un giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması, parklanma yerinin giriş hissəsində olan geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutulur. Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq. Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub”.
Ancaq sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, icra edilən layihə problemin həlli istiqamətində işə yaramayıb. Yeni icra olunan layihə əksinə süni tıxaca səbəb olub.
Onu da əlavə edək ki, AYNA-nın daha öncə Ukrayna dairəsində etdiyi dəyişiklik sürücülərin narazılığı ilə qarşılanmışdı.
Həmin görüntüləri təqdim edirik:
(Qafqazinfo)