"Azercell" rəhbərliyi öz cibinə görə qiymət qaldırır" - ETİRAZ

"Azercell" rəhbərliyi öz cibinə görə qiymət qaldırır" - ETİRAZ

Sosial şəbəkələrdə "Azercell" istifadəçiləri arasında dəyişən qaydalarla bağlı suallar və narahatlıqlar müşahidə olunur. 

 

Sfera.az bildirir ki, “Azercell” 1 iyuldan etibarən yeni şərtlər tətbiq edəcək.

 

Elektron ödəniş üsulları ilə 1 - 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq.

 

Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:

 

1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat –  10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.

 

"1 AZN 1 gün" prinsipi haqqında izah etmək lazımdır ki, bu sistem yalnız xüsusi hallarda tətbiq edilir — yəni əgər istifadəçinin balansında mövcud tarif planının aylıq abunə haqqını tam ödəmək üçün kifayət qədər vəsait yoxdursa, nömrə balansdakı məbləğə uyğun olaraq müvəqqəti aktiv saxlanılır və istifadəçi xidmətlərdən məhdud şəkildə yararlana bilir.

 

Məsələn, balansda yalnız 1 AZN olduğu təqdirdə nömrə 1 gün açıq qalır və bu müddətdə zəng qəbul etmək və bəzi xidmətlərdən istifadə etmək mümkündür.

 

Əgər istifadəçinin balansında aktiv tarif planının tam aylıq abunə haqqı varsa, bu sistem tətbiq olunmur. Tarif planı tam ödənildikdə isə istifadəçi 30 gün ərzində tarifin şərtlərinə uyğun olaraq xidmətlərdən tam şəkildə istifadə edə bilir.

 

İnternet paketlərinin qiyməti və həcmi artıb, limitsiz saatlıq paketlərinin sürət məhdudiyyəti isə artıq yoxdur. Aylıq abunə haqqı mövcud olmayan tariflər qismən ləğv edilib. Yəni “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə yeni qoşulmalar dayandırılacaq.

 

Qeyd olunan müddətdən etibarən aylıq abunə haqqı mövcud olan tarifdə olduğunuz halda və abunə haqqı ödədiyiniz təqdirdə ay boyunca nömrədən istifadə edə biləcəksiniz.

 

Bu məlumatdan sonra sosial şəbəkələrdə insanlar "Azercell"in bu siyasətindən narazı olduqlarını yazaraq boykot etməyə başlayıblar.

 

Mövzu ilə bağlı danışan politoloq Məhəmməd Əsədullazadə qiymət artımını inhisarçılıq adlandırıb:

 

"Xalqı saymamaqdır, ciblərə girməkdir. "Azercell" tarifləri ucuzlaşdırmalıdır. Mən də "Azercell" nömrəmdən imtina edəcəm. Xalq sabitliyə üstünlük verib deyə, monopolistlər xalqın cibinə girib, yoxsullaşdırmağa çalışmalıdır?! Vətəndaşın rifahını deyil, onun əlində olanı tutub almaq feodal düşüncədir. Azərbaycan xalqı adil xalqdır. Rayon əhalisi "Azercell"dən daha çox istifadə edir. Müəyyən tariflərə görə onlar üçün əlverişli idi. Rayonlarda insanlar işsiz, pensiya və sosial müavinətə ehtiyac duyur. Buna baxmayaraq, "Azercell" rəhbərliyi öz cibinə görə qiyməti qaldırır".

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR