Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.
Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.
Buna səbəb Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.
“Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu il aprelin 4-də Akademik Milli Dram Teatrında keçirilən iclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib. İddialara görə, İ.Rəhimlinin Şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik olub. Gərginlik fiziki qarşıdurmaya çevrilib – Əli Nur döyülüb. Baş vermiş dava ilə bağlı Xalq artisti Əli Nur açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını demişdi.