Milli Məclis gender bərabərliyinin təmin edilməsinə dair məlumatı qəbul etdi

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı Milli Məclisdə müzakirə edilib.
Sfera.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. Qeyd edək ki, məlumat 3 bölmədən, 240 səhifədən ibarət olmaqla (2023-cü ildə 150 səhifə), 62 dövlət orqanı, 76 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyaları əhatə etməklə Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatlarına əsaslanıb.
2023-cü ildən fərqli olaraq Məlumata gender büdcəsi, gender bərabərliyinin tədrisi, COP29, gender məsələləri üzrə məsul şəxlərin fəaliyyətləri, qızların təhsilinə dəstək layihələri və azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı yeni hissələr daxil edilib. Həmçinin, məlumatda Dövlət Komitəsi tərəfindən aparılan üç araşdırmaya istinad edilmişdir, Araşdırmaları Komitənin internet səhifəsindən tam şəkildə əldə etmək mümkündür. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az