Duzlu göllərdə yeni kimyəvi kəşf tapıldı

Beynəlxalq alimlər qrupu Yer kürəsindəki duzlu göllərdə aparılan tədqiqatlar nəticəsində litium hasilatı texnologiyalarına təsir edə biləcək mühüm kimyəvi xüsusiyyətlər aşkar edib.
Sfera.az xəbər verir ki, araşdırmaya ABŞ-dan professor Avner Venqoşun rəhbərlik etdiyi elmi heyət rəhbərlik edib.
Tədqiqat zamanı Boliviyada yerləşən məşhur Salyar-de-Uyuni duz gölündə və digər oxşar duzlu hövzələrdə litiumun yerləşdiyi rassol sularının pH səviyyəsinin bor elementi ilə birbaşa əlaqəli olduğu müəyyən edilib. Bu, okean və digər təbii duzlu suların kimyəvi tərkibindən əhəmiyyətli dərəcədə fərqlənir.
Alimlər bildirir ki, Uyuni gölündəki rassollar təbii halda neytral pH-a malikdir. Lakin litium hasilatı zamanı istifadə olunan buxarlandırıcı hovuzlarda bu balans pozulur və pH səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Bu dəyişiklik, bor elementinin bor turşusu və boratlar şəklində kimyəvi reaksiyalara girməsi ilə əlaqələndirilir.
Araşdırma qrupu Çili, Argentina, Boliviya və Tibet yaylasındakı duz göllərindən toplanmış 300-dən çox nümunə üzərində analizlər aparıb. Nəticələr borun litium rassollarında əsas kimyəvi təsiredici olduğunu sübut edib.
Mütəxəssislərin fikrincə, bu kəşf litium hasilatında daha səmərəli və ekoloji cəhətdən dayanıqlı texnologiyaların hazırlanmasına yol aça bilər, xüsusilə də elektrikli nəqliyyat vasitələrinin və enerji saxlama sistemlərinin sürətlə artdığı bir dövrdə.