Hava ilə bağlı yeni XƏBƏRDARLIQ – Riskli vaxtlar açıqlandı

May ayının sonlarına yaxınlaşsaq da, havalar mövsüm norması ilə müqayisədə daha sərin keçir. Bu vəziyyət isə müəyyən xəstəliklərin yaranma riskini artırır. İstər yüngül soyuqlamalar, istərsə də digər sağlamlıq problemləri, bu dövrdə daha çox ortaya çıxmağa başlayır.
Xəstəliklərdən necə qorunaq? Havanın dəyişkən olması xüsusilə hansı qrup insanlara təsir edir?
Sfera.az xəbər verir ki, Globalinfo.az-a danışan pulmonoloq Əsəd Beydullayev deyib ki, hazırkı havalar payız aylarını xatırladır:
“İnsanların yanlış geyim seçimi, evlərdə havalandırmanın doğru tənzimlənməməsi soyuqdəyməyə gətirib çıxarır. Qışda əhali qapalı ortamlarda zaman keçirdiyinə görə infeksion xəstəliklər tez yayılır. İndi də oxşar mənzərə müşahidə edilir və bu, yoluxucu xəstəliklərin davam etməsinə səbəb olur. Ən çox yayılan “qrip” adlandırdığımız üst tənəffüs yollarının infeksiyasıdır. İmmuniteti zəif olanlar, uşaqlar və yaşlılar buna yoluxublarsa, simptomun ağırlaşma ehtimalı var”.
Əsəd Beydullayev
Mütəxəssis bildirib ki, müraciət edən xəstələrin çoxunda pnevmoniya ilə bağlı ağırlaşmalar müşahidə olunur:
“Bu, yanvar-fevral ayları üçün xarakterik olsa da, mayda da qarşılaşırıq. Vətəndaşlar havaya uyğun geyinməli, qapalı ortamlardan uzaq durmalı, maskadan istifadə etməli və şəxsi gigiyenaya diqqət yetirməlidirlər. Belə halda ağırlaşmaların qarşısı müəyyən qədər alına bilər. Ümumiyyətlə, isti günlər başlayana qədər bu cür problemlər davam edəcək”.