Bəzi generalların vəzifədə olma ilə bağlı yaş məhdudiyyəti ləğv edilir

Bəzi generalların vəzifədə olma ilə bağlı yaş məhdudiyyəti ləğv edilir

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklərdə əksini tapıb.

 

Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.

 

Sənəddə bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

 

Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.

 

Beləliklə, təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.

 

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR