"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə adambaşına illik istehlak çörək və un məmulatlarında 157 kq olduğu halda 2024-cü ildə 131 kq-a edib. Meyvə istehlakı 37 kq-dan 85 kq-a, tərəvəz istehlakı 78 kq-dan 113 kq-a yüksəlib. 

 

Qidalanmadakı bu dəyişiklik nə ilə izah oluna bilər? Əhali daha sağlam qidalanmaya keçib, yoxsa başqa səbəblər varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan çörək istehlakı üzrə dünyada birinci yerdədir.

 

 

Onun sözlərinə görə, bunun xüsusi səbəbləri var. E.Hüseynov dinimizin İslam olmasına görə çörəyin müqəddəs hesab olunduğunu və bunun istehlaka təsir etdiyini vurğulayıb. Ekspert qeyd edib ki, indiki dövrdə çörək istehlakının azalmasında əsas səbəb Qərb mədəniyyətinin təsiridir:

 

“İldən-ilə xoşagəlməz Qərb mətbəx mədəniyyəti Azərbaycana sürətlə daxil olur. Beləliklə, əhalinin evdə qidalanması azalır, fastfudlara maraq artır. Qərbdə çörək ümumiyyətlə yeməyin yanında təklif olunmur. Bütün bunlar insanların çörəkdən uzaqlaşmasına gətirib çıxarır. Bu səbəbdən də çörək istehlakı azalır. Digər tərəfdən, həkimlərin, dietoloqların Qərb təsiri altında çörəyin dırnaqarası zərərləri haqqında çıxışları, çox aqressiv şəkildə insanları meyvə-tərəvəzə yönləndirməsi çörəyin istehlakının azalmasına təsir edir. Beynəlxalq qurumların verdiyi məlumata görə, son 3 ildir insanın çəkisi boyunun hündürlüyündən 100 çıxılıb üzərinə 10 kq gəlməklə hesablanır. Arıqlamağın çox da xeyirli olmaması ilə bağlı fikirlər ortaya çıxıb, lakin bunu hələ az adam bilir”.

 

Mütəxəssis nəzərə çatdırıb ki, çörək çox qidalı bir ərzaq məhsuludur:

 

“Yaxşı haldır ki, ölkəmizdə çörək növləri çoxdur, seçim üçün böyük imkanlar var. Qlutensiz, qara, dietik çörəklər də var. Dietik çörəklərdən istifadə edənlərin də sayı az deyil. Əlbəttə, çörək istehlakı azalanda digər məhsullar ön plana çıxır. Azərbaycan bazarı meyvə-tərəvəzlə olduqca zəngindir. Lakin bizim əsrlər boyu genimizdən gələn çörək istehlak etmə kimi gözəl mədəniyyətimizə bu zərərdir. Bu tendensiya insanların sağlamlığına öz mənfi təsirlərini göstərə bilər”.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR