“WhatsApp” istifadəçilərinə böyük yenilik - Artıq mümkün olacaq...

Mobil versiyada mövcud olan səsli və video zəng funksiyası artıq "WhatsApp"ın veb versiyasında da əlçatan olacaq.
Sfera.az xəbər verir ki, "WhatsApp Web" istifadəçilərə smartfonlarındakı hesabı kompüterlərə sinxronlaşdıraraq mesaj göndərmək, media faylları paylaşmaq və qrup söhbətlərində iştirak etmək imkanı verir. Lakin indiyə qədər veb versiyada səsli və video zəng funksiyası mövcud deyildi.
Məlumata görə, "WhatsApp" artıq bu xüsusiyyətin istifadəyə verilməsi üzərində işləyir. Yeni funksiyanın sayəsində istifadəçilər veb interfeys vasitəsilə təkbətək səsli və video zənglər edə biləcəklər.
Beta testlərində bu xüsusiyyət artıq bəzi istifadəçilər üçün aktivləşdirilib. Söhbət ekranının yuxarı hissəsində səsli və video zəng düymələri görünür. Zəng başladıldıqda isə ayrıca bir pəncərə açılır və burada zəng edilən şəxsin adı və profil şəkli əks olunur. Həmin pəncərədən kameranı aktiv və ya deaktiv etmək, mikrofonu susdurmaq, zəngi bitirmək və digər parametrləri idarə etmək mümkündür.
Yeni funksiyanın yaxın zamanda bütün istifadəçilər üçün əlçatan olması gözlənilir. /Milli.Az