Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə gətirildi

“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hikmət Xanlar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Vəliyev Hikmət Xanlar oğlunun Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Hikmət Vəliyev Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə bu gün Azərbaycana gətirilib.